2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Modern.az-a bildirib ki, antiterror tədbirlərinin keçirilməsi qaçılmaz idi:
"Bu gün Azərbaycan xalqı birgünlük antiterror tədbirləri zamanı qanı və canı bahasına şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızı yad edir. Həmişə olduğu kimi, şəhidlərimiz və onların ailələri xalqın diqqətindədirlər. Antiterror tədbirlərində iştirak edən şəhidlərimizin qanı ilə tariximizdə yeni və ən uğurlu səhifələrdən biri yazılıb. Antiterror tədbirlərinin keçirilməsi qaçılmaz hadisə idi. Azərbaycan qələbə qazanandan sonra işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü təmin etdi və üçtərəfli bəyanata əsasən Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar əsasında reinteqrasiya prosesi üçün zaman ayrılmışdı. Ancaq reallıqda başqa vəziyyətlə rastlaşdıq. Azərbaycanın qələbə qazanmasına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə qanunsuz erməni silahlıları yerləşməyə başladı. Antiterror tədbirlərinə qədər onların sayı 15000-ə çatmışdı. Onlar ağır silahlanlanmış, yetərli qədər güclü terror qurumuna çevrilmişdi. Azərbaycanın daxilində Qarabağ iqtisadi rayonunda yeni təmas xətti yarandı. Azərbaycan,əlbəttə, bununla barışa bilməzdi. Rusiya sülhməramlılarının orada olması Azərbaycanın bu məsələ ilə bağlı çox səbirli olmasına səbəb oldu. Bunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan üçtərəfli bəyanatın 4-cü bəndinin, yəni qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının həyata keçirilməsi ilə əlaqədar həm Rusiya, həm də Ermənistan qarşısında məsələ qoysa da, hər iki ölkə bundan boyun qaçırmağa çalışdı. Prinsip etibarilə Azərbaycan bu problemlə özü üz-üzə qaldı. 30 illik işğal dövründə Ermənistan BMT-nin qətnamələrini yerinə yetirmədiyi kimi, bu dəfə də üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmədi. Hesab etdi ki, bu prosesi də uzada bilər. Əlbəttə, terrorçuların Azərbaycanın daxilində olması atəşkəsin mütəmadi pozulması ilə müşahidə olunurdu və ətrafda olan dinc əhaliyə təhlükə yaradılırdı. Artıq Ermənistan tərəfi də yeni havadarların axtarışına çıxmışdılar. Hətta Rusiya sülhməramlılarının orada olmasına etiraz edirdilər. Hansısa beynəlxalq missiyanın orada yerləşməsi barədə danışırdılar. Bunun da lokomativi rolunu Fransa oynayırdı. Əlbəttə, bu proseslər region və Azərbaycan üçün təhlükə yaradırdı. Belə olan halda Azərbaycan qərar verdi ki, 4-cü bəndi özü yerinə yetirsin. Erməni təxribatına cavab olaraq, antiterror tədbirlərinin keçirilməsinə qərar verildi".
Şair Ramaldanov vurğulayıb ki, bu əməliyyatlar Azərbaycan Ordusunun böyüklüyünü bir daha dünyaya göstərib:
"Antiterror tədbirləri Azərbaycan Ordusunun peşəkarlığını təsdiqlədi. Azərbaycan oğullarının qəhrəmanlıq səlnaməsinin davamı kimi bunu qeyd etmək lazımdı. Eyni zamanda bu birgünlük əməliyyat bütün dünyaya Azərbaycan Ordusunun necə humanist olduğunu göstərdi və tanıtdı. Dünyada elə bir antiterror əməliyyatı yoxdur ki, orada dinc əhali və mülki infrastruktur zərər görməsin. Dünyada yeganə olaraq buna Azərbaycan imza atdı. Böyük bir ərazidə antiterror əməliyyatları keçirildi və mülki şəxslər zərər görmədilər. Əməliyyat qısaca vaxt kəsiyində uğurla nəticələndi. Bir ilə yaxın vaxtda İsrailin Fələstində Həmasa qarşı antiterror əməliyyatı aparmağına baxmayraq, hələ də uğur qazanılmayıb. Ancaq mülki insan tələfatı 40 minə çatıb. Bu fonda Azərbaycanın həyata keçirdiyi unikal, nəticəli, bəlkə də, dünyada anoloqu olmayan antiterror tədbiri kimi qiymətləndirilir. Azərbaycanın keçirdiyi antiterror əməliyyatları, İsrail Ordusunun əməliyyatlar keçirdiyi ərazilərdən qat-qat çox idi. Belə olan halda Azərbaycan Ordusunun antiterror tədbirlərinin nəticələri bu gün də öyrənilir. İnkişaf etmiş ölkələrdə hərbi tədris müəssisələrində İkinci Qarabağ Müharibəsinin təcrübəsi, xüsusən də antiterror tədbirinin təcrübəsi daim maraq dairəsindədir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev əməliyyatlarda mülki infrastruktura və şəxslərə zərər vurulmaması ilə bağlı göstəriş vermişdi. Doğrudan da, onun göstərişinə uyğun əməliyyat aparıldı. Antiterror tədbirlərinin nəticəsi regionun təhlükəsizliyinə xidmət edib. 15 minə yaxın terrorçu Ermənistanın havadarlarının dəstəyi ilə burada vəziyyəti destabil edə bilərdi. Azərbaycan Ordusunun atdığı bu addım həm zaman, həm də nəticə baxımından çox yerində olub. Azərbaycan bütün dünyaya bir daha öz maraqlarını qoruya biləcək Azərbaycan xalqının gücünü, iradəsini göstərə biləcək bir əməliyyat tədbiri kimi tarixə yazıldı. Bu gün də həmin qəhrəmanları yad edirik. Azərbaycanın bütün rayonlarında Şəhidlər Xiyabanında antiterror tədbirləri şəhidlərini yad etmək üçün bizim xalqımız birlik və böyük ehtiram göstərməkdədir. Düşünürəm ki, antiterror tədbirlərinin əhəmiyyəti uzunmüddət Azərbaycan tarixində özünəməxsus yer tutaraq həm öyrəniləcək, həm də böyük ehtiram və hörmətlə yad ediləcək".