Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyası tərəfindən istehsal edilən JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Modern.az-ın məlumatına görə, qırıcılar bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təqdim olunub.
Qeyd edək ki, müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Xatırladaq ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq mövcuddur. Azərbaycan daha əvvəl Pakistandan "Super Muşşak" təlim təyyarələri alıb.