Modern.az

“Musiqinin ahəngində bir sirr var ki, açsam dünya alt-üst olar” - MÜSAHİBƏ

“Musiqinin ahəngində bir sirr var ki, açsam dünya alt-üst olar” - MÜSAHİBƏ

Ölkə

12 Dekabr 2013, 17:35

Novruz Novruzov: “Savalan”dan baxanda cəmiyyətimizdəki  mənəviyyat çox aşılanmış görünür”  


Modern.az
-ın müsahibi “Savalan” musiqi qrupunun rəhbəri Novruz Novruzovdur.

– “Savalan” 2000-ci ildə yarandı. Özüm İncəsənəti bitirmişəm. Konservatoriyanın səhnəsində Əsgəri, Sərvəri oynamışam. Amma Qarabağ savaşlarından sonra, çəkilən əziyyətlərdən və şəhid olan dostlardan sonra gördük ki, bu musiqi içimizdən gəlmir. Nəsə başqa şeyə tələbatımız var. Dostlarla yığışıb içimizi boşaldırdıq. Sonradan mətbuat,  televiziya, ictimaiyyət maraqlandı və biz də gəldik olduq indiki “Savalan” qrupu...

- Cəmiyyətin “Savalan” qrupuna olan  marağı  sizi qan edir?

- Cəmiyyəti hara aparırsansa o da çox səmimi şəkildə ora gedir. Biz harda çıxış etmişiksə ordakı  insanlar da çox böyük həvəslə qulaq asıblar. Məsələn, biz toya gedirik. Süfrəyə nə qoyulursa,  onu da yeyirik, ya da ümumiyyətlə yemirik. Televiziya da elə bir şeydi ki, istər-istəməz adama təsir edir. Nəyi görürlərsə ona da meyl edirlər. Amma bu meyl də deyil, tam başqa bir təsirdi. Bu gün mənəvi musiqiyə ehtiyac çoxdur. Səmimi deyim ki, dünyada bu tip musiqiyə maraq daha çoxdu nəinki Azərbaycanda. Amerika, Avropa inkişaf edib, bunlar artıq texnikadan, erotikadan yorulublar və oturub özləri özlərini dinləmək istəyirlər. Hardan gəlmişik, niyə gəlmişik, bu gəlişin öz mahiyyəti nədir, insan nədir və yaxud kimdir kimi sualları indi onları daha çox düşündürür. Buna görə də orda buna münasibət daha yaxşıdı.

- Maraqlı detala toxunduz. Bu gün insan özündən özünə gedən yollarda azır. O özünə çata bilmir. Özü ilə görüşə bilmir. Sizin qrupun ifaları insana bu yolların xəritəsini göstərmək gücündədirmi?

- Vallah o insandan asılıdı. Çünki söz var, deyir, axtardığını bilməyən tapdığını da bilməz. İnsan bilməlidi ki, nəyi axtarır, niyə axtarır. Çünki yaradanın  çox ədalətli və rəhmli yaradılış sistemi var. İnsan əgər  öz axtarışlarında səmimidirsə ona mütləq yol göstərəcək, hardan olsa bir qapı açacaq. Önəmli olan insanın öz niyyəti, düşüncəsidi. Məsəl də var ki, insanın əməli niyyətinə görə dəyər tapır. Vacib olan düşüncənin necəliyidi. Qrup yaranmamışdan əvvəl də mən ağlım kəsəndən özümü axtarmışam. Karate, yoqa ilə də məşğul olmuşam. Həmişə düşünmüşəm ki, həyat nədir, insan bu həyata niyə gəlir. Uşaqlıqda həmişə rəhmətlik anama deyərdim ki, necə olur ki, insan həyata gəlir və sonra da ölür gedir. O da deyərdi ki,  sən elə şeylərə fikir vermə. Zaman gəldikcə baxdım gördüm ki, insan ölmür. Yunus İmrənin də bir sözü var. Deyir, ölən heyvandı, insan ölməz. İnsan əbədiyyətə gedir və orda yaşayır. Məsələn,  Füzuli əbədiyyətdə yaşayır, Nizami, Nəsimi, Pir Sultan Abdal, İmam Hüseyn neçə əsrdi ki, yaşayır. Hətta insanların yolunu  aydınlaşdırır. Deməli, insan ölmürmüş. O, sadəcə elə bir həyat yaşamalı və özündən sonra elə bir iz qoymalıdı ki, o işıqda, o nurda başqalarına da yol göstərə bilsin.

- Musiqilərini bayaq adlarını çəkdiyiniz əbədiyyət sakinlərinin sözlərindən istifadə edirsiz. Onlarla sizin ifa etdiyiniz mahnılar arasında hansı energetik əlaqə var?

- Musiqidə ən önəmli olan səmimi olmaqdı. Musiqidə birinci  səs deyil.  Bizim ifalarda musiqi insan ruhunun daxili aləminin istəyini çatdırmaq üçün bir vasitədir.  Burda önəmli olan musiqi yox, musiqinin arxasındakı adamdı. Əsas  məsələ odur ki,  həmin adam musiqiyə hardan baxır. YUĞ teatrında rəhmətlik Vaqif müəllimlə Yunus Əmrə göstərişi etdik. Nə tamaşa idi, nə də  konsert, sadəcə adını göstəri qoymuşduq. Məqsəd də bu idi ki, tamaşaçı hər şeydən uzaq durub iki saat özü-özüylə olsun. Mən kiməm, nəyəm, hardan gəlmişəm, hara gedirəm suallarına cavab axtarsın. Ən önəmli olan  kimliyindən asılı olmayaraq insanın iç aləminin necəliyidi. Yunus İmrənin bir sözü var. Deyir, necə insanlar gördüm qiymətli əbaların içində bir yığın sür-sümük gəzdirir  necə insanlar gördüm ki, cırıq paltarın içində dünyanın sirrini gəzdirir. İnsan bu cür  yüksək yaradılışdı. Amma zaman elə zamandı ki, o  özündən uzaq düşür. Bütün problemlər də ordan gəlir.

- Oxuduqlarınızın mətnində çox şifrəli, sakral məqamlar var. Bunlar da yüksək düşüncəyə hesablanmış məsələlərdi. Amma bu gün bizim cəmiyyət kitab oxumayan cəmiyyətdi. Bir tərəfdən belə bir məzmunlu musiqi,  digər tərəfdən məzmunsuz cəmiyyət. Bu paradoks sizin musiqinizə hər hansı mənfi təsir etmir ki?

- Yox, insan çox müqəddəs bir varlıqdı. Hər bir yaradılışda haqqın nuru var. Ola bilsin ki,  insan bu həyatda müəyyən situasiyalar səbəbindən özü-özündən uzaq düşür. Amma mənəvi musiqi insanın içindəki haqqa təsir edir. Bu da hər bir insanda var. Ola bilsin ki,  birində o nurun  üstünü toz basıb. Birində isə  müəyyən dərinlikdədi. Amma  mütləq mənada hamıda o var. Yer olub ki, biz getmişik mahnı oxumuşuq. Birinci musiqidə bizə gülüblər, ikinci,  üçüncü musiqidən sonra isə hamısı təsir altına düşüb. Çünki burda ən önəmli olan səmimiyyətdi. Düşüncədə səmimi olmaq və musiqi oxuduğun zaman sənin düşüncənin hara bağlı olması çox önəmlidi. Çünki enerjini ordan alırsan. Bu zaman sən tam səmimisənsə qarşındakına asanlıqla təsir edə biləcəksən.

- Onda belə çıxır ki,  səmimiyyətin öz enerji qüvvəsi sizinlə insanlar arasında rabitəçidir?

- Elədir, bu enerji qüvvəsi bizimlə insanlar arasında rabitəyə köməklik edir. Bizim musiqidə ən önəmli olan səmimiyyətdi. Başqa musiqidə bilmirəm. Musiqi bir zikrdi. Mövlanə həzrətlərinin bir sözü var, deyir, Allaha gedən yollar çoxdu. Mən bunların içində səma ilə musiqini seçdim. Musiqinin ahəngində bir sirr var ki, açsam dünya alt-üst olar. Çünki musiqi təkrar olunmur,  hər an dəyişir. Və buna görə də sanki sən hər an zikrdəsən. Əslində insanın hər anı zikrdi. Əgər sən həyata zikr nöqtəsindən baxırsansa.

- Hərdən hiss edirsən ki,  “Savalan” qrupunun ifa etdiyi ilahilər Tanrıda yaşayıb dünyada itən insanlar üçündü. Məhz, bu məntiqlə düşünəndə auditoriyanızın azlığı sizi narahat edirmi?

- Sizə bir söz deyim, ola bilsin ki,  bu musiqiyə münasibət zəifdi. Amma hər şey reklamdan asılıdı. Məsələn,  bizim konsertlərdə zal dolu olub və insanlar da həmişə yaxşı qarşılayıb. Bir dostumuz var idi, mənə dedi ki,  əsgərlər üçün konsert verək. Soruşdum ki, bunlar  cavan uşaqlardı,  musiqini necə qəbul edəcəklər? Orda iki saat konsert verdik. Yarım saat da artıq oxuduq, amma əsgərlər  durub getmirdilər. 

- Fikrinizcə, onlar musiqinizin məzmununu şüurlu şəkildə qavrayırdılar, yoxsa emosional təsirə düşmüşdülər?

- Mənə elə gəlir ki,  səsin özünün ahənginin təsiri bəzən sözdən təsirli olur. Çünki sözdə aydınlıq var, bilirsən ki,  söz konkret olaraq budu. Amma səsin rəngi, sonu yoxdu. Ona görə də insan oxuyanda bəzin səsin mənasını bilmir. Amma əsas səsin ahəngidi. Fiziki bədənimizdəki nöqtələr ki var,  onlara əvvəl səs təsir edir,  sonra söz. Çünki sən səslə insana təsir edə bildinsə insanın içində oyanma gedir. Ondan sonra deyir ki,  bu adam, ifaçı görəsən, nədən danışır. Baxmaqla görmək fərqlidi. Amma görəndən sonra anlamaq tam fərqlidi.  

- Ruh və insan haqqında danışdıq. Musiqilərinizin ikinci qəhrəmanı həm də vətəndir.  O musiqiləri ifa edən insan kimi deyərsizmi, ümumiyyətlə, Vətən nədir ?

- Tam səmimi deyirəm vətənə gedən yol yenə də insanın özündən gedir. Vətən insanın içinə, ruhuna, imanına düşüncəsinə bağlı bir anlayışdı. Yaxşı deyiblər,  vətəni sevmək imandandır. Mən sırf mənəviyyatı götürmürəm, amma ağızdolusu  vətəni sevirəm deyənlərə də inanmıram. Bu qeyri-səmimi sözlərdi. Məmməd Əmin də, Elçibəy də İslama, peyğəmbərin həyatına, İmam Hüseynə çox böyük önəm veriblər. Çünki bu insanın formalaşmasında bir sistemdi,  bir yoldu.  

- “Savalan” hündürlüyündən” baxanda  bugünkü Azərbaycan necə görünür?

- Mənəvi yöndən Azərbaycan çox aşılanmış görünür. Bəlkə də sərhədlər açılandan sonra Avropaya gediş-gəliş çoxaldı. Biz də bunu düzgün qəbul edə bilmədik. Ola bilsin ki, buna çox da hazır deyildik. O yöndən baxanda biz çox də yaxşı vəziyyətdə deyilik. Amma düşünürəm ki, bu da bir keçiddir və keçib gedəcək.

- Vətənə gedən yollar nədən keçir?

- Vətənə olan sevgi insanın öz dəyərlərindən irəli gəlir. Düşüncəmə görə bu yöndə ən vacib iş insanın özünün özünü axtarmağa cəhd etməsidi. Ən əsası da insanın vicdanıdı. İnsan gərək öz vicdanı ilə səmimi olsun. Burda danışıram, amma qapıdan çıxanda nə danışdığımı,  necə danışdığımı dəyərləndirəcəm. Bax bu məqamda səmimi olmaq lazımdı. Qarabağ müharibəsi vaxtı başqalarının qəhrəman bildiyi adam görürdün ki, o abı-havaya dözə bilmirdi. Amma elə birisi var idi ki, hamı ona işə yaramaz adam kimi baxırdı. Lakin o çox fədakarlıq edib qəhrəmana çevrildi. Çünki hərəkətlərində səmimi idi. İnsan düşüncəsində, vicdanında səmimi olmalıdı. Ən əsas şey insanın inancı, vicdanı və imanıdı. Burdan yola çıxanda nələrəsə nail ola bilirsən. Boğazdan yuxarı elə sevirəm, belə canımı verərəm deməklə heç nə olmaz. Əsas şərt bu üç prinsipdən yola çıxmaqdı. Mən özüm bunları yaşamışam. Ona görə deyirəm.

- Mahnılarınızın özləri o tayla bu tay arasında bir körpü yarada bilirmi?

- Sizə bir deyim. Hollandiyaya  getmişdik. Adamlar yaxınlaşıb dedilər ki,   olar sizinlə şəkil çəkdirək. Şəkil çəkdirənlərdən biri dedi ki, Allah mən gör kiminlə şəkil çəkdirdim! Yanımdakı türkiyəli yoldaşa dedim ki, görən bu zarafat edir, ya nə.. O, isə cavabında: siz öz dəyərinizi o qədər də anlamırsız”.  Burda onu daha çox dərk edirlər.” Dedi.  Təbrizdə nəsə toplantı olmuşdu, orda bizim “gəl oğlum” adlı mahnımızla açılış etmişdilər. Bizim o mövzuya aid bayatılardan ibarət musiqilərimiz də var. Amma çox təəssüf ki, bu yöndə  elə sənətdə bizə mane olanlar var.

- Təbrizə getmisizmi ?

- Xeyr gedə bilməmişik. Amma ora bizim canımızdı-qanımızdı.

- Bir mahnınız var,  “Sizə salam gətirmişəm”. Alt qatında gizli mənalar gizlənir. Salamı ancaq uzaqda olan birilərinə, həsrət diyarna apararlar. Mahnının kökündə həsrət dayanır. Ötürdüyünüz bu gizli mesajlar cəmiyyət tərəfindən duyulurmu?

– Vallah bu fərddən asılıdı. Həsrət həmişə var və indi də var. Nə gözəl olardı ki,  zaman gələydi və vahid Azərbaycan olaydı.


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi