Vətən müharibəsi zamanı cəbhədə məğlub olan Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini 5 dəfə ayrı-ayrı zamanlarda bombalayıb. İlk hücum 4 oktyabrda baş verib və 1 mülki şəxs-Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 39 nəfər mülki şəxs isə yaralanıb. Bu raket hücumu cəbhədə deyil, kənar əraziyə edilən ilk hücüm idi. Bir gün sonra Gəncə şəhəri təcavüzkar dövlət tərəfindən ikinci dəfə yenidən raket hücumuna məruz qaldı, nəticədə, 3 mülki şəxs yaralandı. Növbəti raket hücumu oktyabrın 8-də baş verdi. Bu dəfə 3 mülki şəxs yaralanıb, infrastruktura, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Lakin Ermənistanın qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxması bununla məhdudlaşmır. Belə ki, oktyabrın 11-də Gəncə dördüncü dəfə raket hücumu ilə üz-üzə qalır. Nəticədə, 10 mülki şəxs şəhid olur, 40-dan çox insan yaralanır. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olur, 55 nəfər isə yaralanıb.
Raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlıların olmasını xüsusilə qeyd etmək lazımdır. Prezidentin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırımı aktı” adlandırıb. Ermənistan tərəfindən törədilən qeyri-insani əməllər BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıb. Sonuncu hücum isə müharibə cinayəti adlandırılıb.
Ermənilər tərəfindən Gəncə şəhərinə atılan ballistik raket nəticəsində şəhid olanlardan 4-ü Ramiz Qəhrəmanovun ailə üzvləridir.
R.Qəhrəmanov Modern.az-a həmin gecədən danışıb.
“Gözümü açanda gördüm ki, hər yer darmadağın olub. Mən giriş tərəfdə yatmışdım, uşaqlarım da arxa tərəfdə idi. Başımı qaldıranda gördüm ki, başımızın üstü açıqdır. Uşaqlarımı çağırdım, cavab gəlmədi”, - o qeyd edir.
Özü dağıntılar altında qalaraq xilas olsa da, Ramiz Qəhrəmanovun doğmaları - 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman şəhid olub:
"Allah ermənilərə lənət eləsin. Heç bir səbəb olmadan vətəndaşlarımızı, sivil insanlarımızı öldürdülər. Çörəyimizi yedilər, özümüzə də qənim çıxdılar".
Müsahibimiz qeyd edib ki, terror aktında həlak olan qonşularını da bu gün xatırlayır:
“Ələsgərov Sünbül və qızı, oğlu və 2 nəvəsi terrorda şəhid oldular. Şahnəzərov Yusifin də oğlu, gəlini və qızı həlak oldular. Gəlini hamilə idi, yaxın zamanda oğlan övladı olacaqdı. Qonşularım Artur və Nurəddin kişi də bu hücumlarda həyatını itirdi. Hamı gecə paltarında, ayaqyalın idi”.
O, sonda qeyd edib ki, dünya artıq ermənilərə dəstək verməyi dayandırmalıdır: “Beynəlxalq aləmə nə demək olar?! Bu qədər terrordan, hadisədən sonra hələ də ermənilərin tərəfini saxlayırlarsa, deyəcək söz varmı?! Dünya birliyi heç olmasa bundan sonra bizim vəziyyətimizi nəzərə alsın və bu terrorlara dayan desinlər”.