"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır.
Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər. Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir. Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər.
Maraqlıdır, bu qiymət siyasəti ölkədaxili avtobus səfərlərinə də aid edilə bilərmi?
Modern.az mövzu ilə bağlı Bakı Beynəlxalq Avtovağzalı ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, tariflər məsafəyə görə hesablanır və əvvəlcədən alınan bilətlərə görə endirim edilmir
“Ölkədaxili müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi haqqında 30 iyun 2024-cü il tarixli qərara əsasən, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyənləşdirilib”.