Modern.az

Komitə sədri: Dini radikalizm separatizmdən də təhlükəlidir, ciddi işlər görülməlidir

Komitə sədri: Dini radikalizm separatizmdən də təhlükəlidir, ciddi işlər görülməlidir

Ölkə

24 Oktyabr 2024, 12:25

Radikal dini cərəyanlara qarşı mübarizədə bütün institutların həssaslığını gücləndirmək vacibdir.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

 

O qeyd edib ki, Azərbaycanda radikal dini cərəyanlara qarşı mübarizədə birinci növbədə cəmiyyətin o sahə ilə əlaqədar institutlarının aktivliyi rol oynayır.

 

"Sən hər hansı strategiya hazırlamırsansa, hansısa müdaxilə imkanlarına sahib deyilsənsə, onda bu cərəyanlar daha da güclənirlər. Öz şəbəkələrini müasir internet vasitəsilə daha da yayğınlaşdıra bilirlər. Burada yalnız hüquq-mühafizə, dövlət təhlükəsizlik xidmətlərinin aktiv fəaliyyəti işə çox da yaramır. Çünki bu qədər yükün altından qalxmaq çox çətindir. Deməli, bura ictimai institutların qoşulması önəmlidir. Bizdə ictimai institutların fəaliyyəti arzuolunan səviyyədə deyil. Hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti orqanları çox ciddi işlər görürlər. Amma bu, problemin həllinə hələ yekun vurmaq demək deyil. Mütləq ictimai institutların, cəmiyyətin bu istiqamətdə həssaslığı artırılmalıdır.

 

Bu radikal dini cərəyanların əksəriyyətinin başqa bir xüsusiyyəti var. Bunların nəzəri təməlləri çox da yoxdur, ancaq xaricdən alınan təlimat əsasında ölkədə fəaliyyət göstərdiyini görürük. Bu da daha təhlükəli vəziyyət yaradır. Bütün hallarda bu cərəyanlar müstəqil hansısa bir dünya görüşünün təmsilçisi kimi deyil, tapşırıq icra edən agentura şəbəkəsi kimi diqqəti cəlb edirlər. Məsələnin ən təhlükəli tərəfi budur. Biz bu istiqamətdə dövlətin bütün institutlarının həssaslığını gücləndirmək məcburiyyətindəyik".

 

Komitə sədri vurğulayıb ki, müasir dövrdə ən böyük təhlükə mənbəyi dini radikalizmdir:

 

"Bir çox hallarda bu sahəyə ikinci dərəcəli kimi baxılır. Halbuki müasir dövrdə ən böyük təhlükə mənbəyi məhz dini radikalizmdir.Hətta bu, etnik separatizmdən daha təhlükəlidir. Ona görə ki, artıq  bu, millətə baxmır,buna yoluxmuş insanlar da istənilən terroru, cinayəti törətməkdə özlərini haqlı sayırlar. Buna görə də onun təhlükəsi digər kriminal qruplardan daha ciddidir. O baxımdan məncə məsələyə sadəcə ciddi yanaşmaq lazımdır. Yarana biləcək təhlükələri doğru proqnozlaşdırmaq lazımdır. Çünki bunun mənbəyini ayrı-ayrı məkanlardan ödənilən pul vəsaitləri təşkil edir. Böyük miqdarda burada situmullaşdırıcı addımlar atılır. Bu baxımdan məncə məsələnin həlli istiqamətində addımlar atılmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi