Bu gündən Kazanda BRICS sammiti başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın baş naziri Narendra Modi, Çin lideri Si Cinpin, Fələstin prezidenti Mahmud Abbas, BMT-nin baş katibi Antonio Quterreş, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa və Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İran prezidenti Məsud Pezeşkian və Efiopiyanın baş naziri Abiy Əhməd Əli və digər liderlər iştirak edəcək.
Bununla yanaşı Azərbyacan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın da sammitdə iştirak edəcəyi bildirilib. Kazan sammitində baş tutacaq ikitərəfli və çoxtərəfli görüşlərdə Ermənistan-Azərbaycan arasında sülh sazişi layihəsinin, Zəngəzur dəhlizinin də müzakirə ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, Türkiyə və Rusiya Prezidentləri arasında ikitərəfli görüşü də planlaşdırılır.
"Ehtimal olunur ki, bu görüşdə qlobal təhlükəsizliyin təmin olunması ilə yanaşı bir çox məsələlər müzakirə olunacaq. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində normallaşma, ümumilikdə Cənubi Qafqazda vəziyyət, həmçinin "3+3" formatında münasibətlərin inkişaf etdirilməsi və Türkiyə-Rusiya münasibətlərində inkişafın təmin edilməsi üçün gələcək planlar və layihələr müzakirə olunacaq. Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü də keçirilə bilər. Ancaq bu ehtimal o qədər də böyük deyil".
Deputat qeyd edib ki, üçtərəfli görüş olmasa belə, Türkiyə Prezidenti tərəfindən Cənubi Qafqazda normallaşma prosesinin təmin edilməsi və Azərbaycanın mövqeyini hərtərəfli müdafiə edilməsi ilə bağlı məsələlər mütləq gündəmə gətiriləcək:
"İstənilən halda biz unutmamalıyıq ki, Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Rusiyadan Azərbaycan üçün heç bir ciddi təhdid gözlənilmir. Regionda ən mühüm problem Ermənistanın ipə-sapa yatmaması və müxtəlif mövqelərə xidmət edən siyasət yeritməsidir.Bu baxımdan Rusiya və Türkiyə prezidentləri arasındakı görüşdə Ermənistana Rusiya tərəfindən təzyiqlərin daha da artırılması məsələsi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına Rusiyanın dəstək verməsi məsələsi də müzakirə oluna bilər.Ümumiyyətlə, Kazan sammiti Azərbaycan üçün gələcək layihələrdə, dövrlərdə, yeni prespektivlətin yaradılması üçün əhəmiyyətlidir. Azərbaycan region dövlətləri ilə xoş münasibətlərə malikdir. Mən hesab edirəm ki, burada da hörmətli cənab Prezident İlham Əliyevin ikitərəfli görüşləri planlaşdırılır. Burada əsas məsələ Azərbaycanın həyata keçirdiyi böyük layihələrin davam etdirilməsinə nail olmaqdır. Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi üçün yeni layihələrə qoşulması müzakirə olunacaq".