Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun anım günü Salyan rayonunda qeyd olunub.
Modern.az xəbər verir ki, 23 oktyabr tarixində keçirilən anım mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Vətən Müharibəsi Qəhrəmanının ailəsi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar adını daşıyan Salyan Peşə Liseyinin qarşısındakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir Salyan rayon İcra hakimiyyətinin iclas zalında davam edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçılarına Sübhan Cəbrayılovun ömür və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və Vətən qarşısındakı xidmətlərindən söz açıb. Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından söz açan RİH-in başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə rəhmət diləyərək, ailələrinə səbir və dözüm arzulayıb.
Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Uşaq İncəsənət Məktəbinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Sübhan Cəbrayılov Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif olunub və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.