Britaniyanın nüfuzlu "The Economist" jurnalında Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsi barədə məqalə dərc olunub.
Modern.az-ın məlumatına görə, məqalədə 7 milyon abunəçisi və 2 milyard baxış sayı olan ana və oğlunun çəkdiyi videolardan, onların insanlar üzərində yaratdığı təsirlərdən bəhs edilir.
"Bu, ruh üçün məlhəmdir, həqiqətən insanı rahatladır", - onların videosuna yazılan şərhin birində belə deyilir.
Qeyd olunur ki, mal əti və balqabaqla plov, çəlləkdə çörək bildirmək və sair insanlara çox yaxşı təsir bağışlayır.
"Londondan, Sidneydən, Yekaterinburqdan və Kiyevdən izləyənlər Qafqaz dağlarının cənub ətəklərində yerləşən kiçik bir arkadiya mənzərəsinə baxırlar", - məqalədə bildirilir.
Nəşrdə Əzizə xala və oğlu Əmiraslanın son 5 ildə videoların hazırlanması zamanı heç bir xüsusi effektlərdən və digər vasitələrdən istifadə etmədiyi xüsusi vurğulanır.
"Təxminən 500 seriyalı (hər biri təxminən 25 dəqiqə) bu videolar, heç bir komplekssiz, təbiətlə harmoniyada olan sakitlik və dinclik hissi yaradır", - məqalənin müəllifi yazıb.
Ev geyimində və önlük taxmış azərbaycanlı ev xanımı bitkilər, güllər və axar su fonunda, açıq havada sakitcə tərəvəzləri doğrayır və əti ədviyyatlayır. Hərəkətlər sadədir— pişiklər və balaca itlər yaxınlıqda oynayır, dağ zirvələri dumanla örtülüb. Oğlu soba üçün odun doğrayır və ağaclardan badam yığır. “Palçıqda ördək” adlı qədim reseptdən sonra heyva və zoğal mürəbbəsi, turşu kələm və digər ənənəvi yeməklər hazırlanır, qazanlarda bişirilib böyük qablara qoyulur. Quşların nəğməsi, təzə dəmlənmiş çayın (gül və yabanı çiçəklərdən hazırlanmış) süzülmə səsi və nadir hallarda tərcümə olunmayan, bəzən qısa bir dialoq səsindən başqa heç bir səs eşidilmir.
Şimaldan Rusiya və Gürcüstan, şərqdən Xəzər dənizi, qərbdən Ermənistan və cənubdan İranla əhatələnən Azərbaycan sakitlik tapmaq üçün gözlənilməz bir yer kimi görünə bilər. Lakin Şahdağ yamaclarında canlandırılan bu saf həyat gerçək görünür. Modern mətbəx cihazlarının köməyi olmadan, tələsmədən aparılan hazırlıq və bişirmə çəkilişləri izləyicilərdə dərin təəssürat yaradıb.
Türkiyə və Özbəkistanda da oxşar kanallar var. Onlar əhəmiyyətsiz deyil, lakin bu Azərbaycan kanalı ən yaxşısıdır. Bol zəfəran, sarıkök və soğan, az stres.
Qeyd edək ki, Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar. Bir müddət əvvəl mətbuatda bildirilib ki, Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.