"İnsan anlayışı varsa, travma anlayışı da var. Belə ki, insanın nitq və davranışları onun travmalarıdır. Bizim keçmişimizdə hər zaman travmalar var və olması da normaldır".
Bu sözləri Modern.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib.
O qeyd edib ki, uşaqlar informasiyaları bilik olaraq qəbul etdikləri üçün, gördükləri hər şeydə travmanı yaşamaq ehtimalları çoxdur. Yəni travma təcrübə olaraq yaddaşa yazılır.
"Uşaqlıqda yaşanan travmalar insanı bir ömür tətikləyir. Ailədə psixoloji mühit yoxdursa, insan şəxsiyyət kimi formalaşa bilmir. Gələcəkdə isə ailəsində öyrəndiyi qeyri-adekvat nitq davranışlarını başqalarına sərgiləyir. Zaman anlayışı fərqləndikcə, informasiyaların çoxluğu ilə kiçik və gözəgörünməz hadisələr də travma effekti yarada bilər. Şəxsin sosial və iş həyatında problemlər yaradan hadisələr travmanın olduğunu göstərir. Travma anlayışı fərdidir. Hadisənin necə baş verməsi yox, hadisənin necə qəbul olunması travma anlayışını müşahidə altına alır. Travmasonrası narahatlıqlar davamlı müşahidə olunursa, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir".
Psixoloq bildirb ki, insanlar öz travmalarına qalib gələ bilmirlər, travmalarını cəmiyyətin yazılmamış qaydaları ilə ört-basdır edirlər.
"Travmalar sağalmır, travmalarla yaşamaq öyrənilir. Zamanında travmaları üçün psixi sağlamlıq mütəxəssislərinə müraciət edərək qabaqlayıcı psixoloji immunitet yaratmaq olar. Psixoloji halın nizamsızlığın aradan qaldırılması üçün tibbi və psixoloji dəstək almaq lazımdır. İnsanlar özlərinin psixoloqu ola bilməzlər. İnsan özü-özünün psixoloqu olduğunu iddia edirsə, özünə qarşı obyektiv olmayacaq, özünə sərf edən tərəfin həqiqət olduğunu düşünəcək. Obyektiv baxışda tərəf olmur, tərəflər olur. Psixoloji halın nizamsızlığını aradan qaldırmaq və travmalarla yaşamaq üçün onu olduğu kimi qəbullanmaq lazımdır. İnsanlar psixi sağlamlıqlarını qorumaq üçün iş və sosial həyatlarında sağlam mühit formalaşdırmalıdırlar. Ailədə sağlam ünsiyyət qurmağı bacarmalıdırlar. İnsanlar özlərini başqalarına zorla qəbul etdirməməlidirlər. Qınaq və qərəz olmasa cəmiyyətdə sağlam düşüncə inkişaf edə bilər. Sağlam mühit insanların bir-birinə münasibətini dəyişə bilər" - deyə psixoloq sonda qeyd edib.