"Azərbaycanda hansısa beynəlxalq tədbirlrəin, sammitlərin keçirildiyi ərəfədə anti-Azərbaycan qüvvələrin fəallaşmasını görürük".
Bu barədə Modern.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib.
Onun sözlərinə görə, bu vəziyyət elə bil xroniki xəstəlik halını alıb:
"Ölkəmizdə Avropa Oyunları keçirilən ərəfədə və ondan sonra da qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı xaricdən və daxildən vahid mərkəzə bağlı olan komanda ilə Azərbaycan əleyhinə qarayaxma, böhtan kampaniyaları aparılır. Bu da artıq gözlənilən idi. COP29 Azərbaycanın yox, bütün dünyanın tədbiridir. Burada Azərbaycan sadəcə meydançadır. COP29 Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi sammitdir, ölkəmiz sadəcə öz imkanlarını təqdim edir. Burada iqlim dəyişiklikləri, dünyada baş verən quraqlıq, ekoloji tarazlığın pozulması problemlərinə qarşı mübarizə müzakiər olunacaq. Normalda belə bir tədbirin keçirilməsinə maneçilik törətmək, hansısa böyük dövlətlərin, ələlxüsus kollektiv Qərbin öz geosiyasi maraqları üçün istifadə etməsi anlaşılan deyil".
Deputat qeyd edib ki, Azərbaycan ərazi baxımından balaca dövlətdir, amma tədbirin özünün mahiyyəti, məzmunu qlobal əhəmiyyət kəsb edir:
"Söhbət ekologiyanın xilasından, gələcək nəsillərə normal ekoloji tarazlığa malik planetin miras qoyulmasından, ərzaq təminatının təhlükəsizliyindən gedir. Bu baxımdan normal insan bu böhtan kampaniyasını qəbul edə bilməz. Bu da bir faktdır ki, biz 2020-ci ildə 30 il işğalda olan torpaqlarımızı azad etdik. Qarabağın azad edilməsi isə qlobal güclərin maraqları ilə üst-üstə düşmədi. Maksimum çalışırlar ki, Azərbaycanı hansısa formada cəzalandırsınlar. Təəssüf doğuran odur ki, bizim daxilimizdəki bəzi anti-Azərbaycan qüvvələr də onların dəyirmanına su tökürlər. Həm daxildə olan, həm də ölkədən qaçıb erməni dəyirmanına su tökənlər də bu kampaniyada yaxından iştirak edirlər. Bütün bunlara rəğmən, Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək. Ən yüksək səviyyədə təşkilatçılıq işləri aparılır. Belə tədbirlərin keçirilməsində kifayət qədər təcrübəmiz var".