Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib. Beləliklə də, Şuşanın işğaldan azad olunduğu gün, yəni 8 noyabr Zəfər Günü kimi tarixə düşüb. O səbəbdən Azərbaycan xalqı hazırda Zəfər Gününü qeyd edir. Zəfər Gününün davamı olaraq, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu növbəti qələbəsini Qarabağın dağlıq hissəslərində - Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavəndə də təmin edib. Beləliliklə də, Azərbaycanın suverenliyini bərpa edilib.
Hələ bizi qarşıda daha böyük qələbələr gözləyir. Məhz 8 Noyabr Zəfər Günü bunu rahatlıqla deməyə imkan verir.
Modern.az-a danışan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə də buna inandığını deyib. O, Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Zəngəzur, eləcə də digər başqa məqsədlərimizə çatacağımıza inamını ifadə edib:
“Bu Zəfər ümumxalq qələbəsidir. Sizin vasitəsinizlə Zəfər Günü münasibətilə xalqı təbrik edirəm. Qələbə bizim fəxr yerimizdir. Bütün məqsədlərimizə çatacağıq. Hər şey yavaş-yavaş yerinə gələcək. Su axar yerini tapar. Zəfər filan qəsəbədə başlayıb, filan qəsəbədə qurtarmayıb. Zəfər qəlblərdə, Azərbaycan xalqının yanıqlı ürəklərində başlayıb. Zəfər bizim nəğmələrimizə, mədəniyyətimizə, keçmişimizə, varlığımıza hopub. 250 il idi ki, biz təhqir altında qalırdıq. Zəfər uzun başlayıb, taktiki məsələlər həyata keçirilməklə müəyyən məntəqələrdə bitib. Azərbaycan və Türk xalqının davası hələ böyük olacaq. Düşmən çoxdur. Azərbaycanın böyük nüfuzuna görə Bakıda COP29 kimi beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək. Çox sayda qonaqlar ölkəmizə gələcək. Bunların içərisində istəyən də, istəməyənlər də olacaq. Öz işimizi biz bilməliyik. Xalq kimi bir yumruq olmalıyıq. Bu qələbələrin arxasında həmişə və daim azadlıq və istiqlal olub. İstiqlal olmasa, biz bu qələbəyə nail ola bilməzdik. Sizi də, Azərbaycan xalqını da bir daha təbrik edirəm. Zəfər Günü çox böyük bayram və fəxrdir”.
R.Rəsulzadə şəhid ailələri və qazilərlə əlaqədar da danışıb:
“İlk növbədə Polad Həşimovun anası Səmayə xanımı əllərindən öpür, bağrıma basıram. Səmayə xanımla yanaşı, digər şəhid analarının da əllərindən öpürəm. Elə nöqtəyə toxundunuz ki, vallah, söz tapa bilmirəm, kövrəlirəm... Şəhid ailələrinin bütün qayğılarını yerinə yetirmək lazımdır. Xüsusilə anaları qeyd etmək vacibdir”.