Modern.az

Ağdam Şəhəri Günü: “Qafqazın Xirosiması” "ağ gün"lərinə QOVUŞUR

Ağdam Şəhəri Günü: “Qafqazın Xirosiması” "ağ gün"lərinə QOVUŞUR

Ölkə

20 Noyabr 2024, 00:01

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

 

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

 

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

 

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Şəhər “Qafqazın Xirosiması” adlandırılırdı, çünki düşmən tapdağı olduğu illərdə bura tamamilə dağıdılmışdı. 

 

2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif səfərləri zamanı açılışında iştirak etdiyi sənaye müəssisələri, Ağdam cümə məscidi, “İmarət” tarixi kompleksi, “Aghdam City Hotel” mehmanxanası, dörd bir tərəfdə sürətlə davam edən bərpa-quruculuq işləri ilə tarixi şəhəri yenidən "ağ gün"lərinə qovuşur.

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ