Modern.az

Keçmiş nazirlər hardadır? - Kimi təqaüdə çıxmaqla barışıb, kimi də vəzifə gözləyir...

Keçmiş nazirlər hardadır? - Kimi təqaüdə çıxmaqla barışıb, kimi də vəzifə gözləyir...

9 Yanvar 2014, 13:55

Ötən il bir çox nazirlərin işdən azad olunması ilə yadda qaldı. Onlardan bəziləri işdə buraxdıqları nöqsanlara görə tutduqları vəzifələrindən uzaqlaşdırıldılar. Postlarından uzaqlaşan kimi mətbuatın da gündəmindən düşən eks-nazirlər haqqında demək olar ki, çox az məlumat verilir.

Modern.az saytı sabiq nazirlərin harada, nə işlə məşğul olduqlarını araşdırıb.  

Uzun müddətdir barəsində heç bir məlumat olmayan keçmiş iqtisadi inkişaf naziri bu yaxınlarda mətbuata açıqlama verdi. Çox qısa olsa da, özü barəsində danışan Heydər Babayev hazırda bizneslə məşğul olduğunu bildirdi. Əlavə məlumat verməyən eks-nazirin  gah Azərbaycanda, gah da xaricdə olduğu söylənilir.
Onu da deyək ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi işləmiş Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. O, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsm şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı. 
2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. 

Uzun müddət yüksək postlar tutmuş sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan 6 il sonra ilk dəfə mediaya -Modern.az saytına geniş müsahibə verdi. 1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş  Əvəz Ələkbərov hazırda elmi fəaliyyətlə məşğul olduğunu söylədi. O, bu müddətdə iqtisad elmləri doktoru dissertasiyasını müdafiə edib, iqtisadiyyatla bağlı iki kitabını çapdan çıxarıb. Hazırda həm Bakıda, həm də İstanbulda yaşayır. Elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir. Eks-nazir saytımıza müsahibəsində hakimiyyətdən yeni vəzifə gözlədiyini gizlətməmişdi.

Günlərin bir günü mərhum Heydər Əliyevin qəbuluna çağrılan və vəzifədən azad olunacağını güman edən Nadir Əhmədov mərhum prezidentlə söhbətinin 10-cu dəqiqəsindən sonra rabitə naziri təyin olunur.  O, bunu Modern.az-a müsahibəsində deyib. Beləcə, vəzifəyə gələn Nadir Əhmədov 2004-cü ildə yeni seçilən prezident İlham Əliyev tərəfindən təqaüdə göndərilib. Və Nadir müəllim təqaüdə çıxmaqla barışıb...

2003-cü ildən ölkəni idarə edən İlham Əliyev 10 illik prezidentlik müddətində hökumətin tərkibində bir sıra dəyişikliyə gedərək, mərkəzi icra hakimiyyətlərinin bəzi rəhbərlərini tutduqları ali postdan kənarlaşdırıb, bəzilərini isə iki dəfə əvvəllər daşıdıqları vəzifələrə təsdiqləyib. 

İlham Əliyevin prezidentliyə gəlişindən sonra – 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov da vəzifəsindfən azad edilib. O, nazir postundan azad ediləndən sonra 2004-cü il dekabrın 16-da ölkə başçısının sərəncamı ilə Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi. 
2012-ci il oktyabrın 31-də prezident İlham Əliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov hazırda Bakıdadır.
Təqaüdçü general indi vaxtını bağ evində əkib-becərdiyi çiçəklərə, güllərə, ağqaclara qulluq etməklə keçirir.

2004-cü ildə İlham Əliyev kənd təsərrüfatı naziri İrşad Əliyevi də işdən çıxarıb. Vəzifədən kənarlaşdırıldıqdan sonra bir sıra yüksək vəzifələrə təyin olunub. Müxtəlif illərdə Goranboy, Balakən və Ucar rayonlarına icra hakimiyyəti başçısı təyin olunub. 2005-2012 ci illərdə Beyləqan rayonu İcra hakimiyyətinin başçısı olub. Hazırda Kürdəmir rayonu İcra hakimiyyəti başçısı vəzifəsində çalışır.  

Bəxti gətirməyən iki nazir isə yüksək postdan birbaşa dəmir barmaqlıqlar arxasına göndərilib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs edildi. Beləcə, hər iki nazir vəzifəsini itirdi.
Ötən il prezidentin sərəncamı ilə əfv olunaraq azadlığa çıxan Fərhad Əliyevin müəllim kimi çalışacağı ilə bağlı məlumat yayılmışdı. Məlumatda deyilirdi ki, Fərhad Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərəcək. Xəbərdə o da qeyd olurdu ki, bu barədə artıq onun özünə təklif irəli sürülüb və sabiq nazir də bununla razılaşıb. Ancaq məlumat doğrulmadı.
Sabir nazir bir neçə ay öncə həyat yoldaşı ilə birgə İngiltərədə təhsil alan oğlunun yanına gedib və o vaxtdan da geri qayıtmayıb.
Təsdiqlənməmiş məlumatlara görə, Fərhad Əliyevin Azərbaycana qayıtmaq fikr yoxdur və o xaricdə yaşamaq niyyətindədir. 

2005-ci ildə vəzifədən kənarlaşdırılan keçmiş səhiyyə naziri Əli İnsanov isə hələ də həbsdədir.  

İlham Əliyev üçüncü prezidentlik müddətinə hökumətin tərkibində müəyyən dəyişikliklər apardı. Vəzifəsini itirən 3 nazir arasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da oldu. 2006-cı ildən ötən ilə kimi nazir vəzifəsini tutan Füzuli Ələkbərov hazırda Cudo Federasiyasının prezidentidir.  O, eyni zamanda özəl sektorda  fəaliyyət göstərən “İmprotex” şirkətlər qrupunun rəhbərlərindən biridir.

18 ildən çox müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyev də ötən il vəzifəsindən kənarlaşdırılıb. O, 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri postunu tutub. O, bu postu general-polkovnik rütbəsində tərk edib. Hazırda təqaüddədir.
Məlumatlara görə, Səfər Əbiyev ölkə başçısından yeni təyinat gözləyir və hansısa quruma rəhbərlik, ya da xarici ölkələrin birində səfir göndərilməsini istəyir.

Ötən il nazir vəzifəsini tutmasının 15 ili tamam olan Misir Mərdanov prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Nazirlikdən uzaqlaşdırılan M. Mərdanova çox keçmədi yeni vəzifə verildi. O, hazırda Milli Elmlər Akademiyasında Mexanika və Riyaziyyat İnstitununun direktoru kimi fəaliyyətini davam etdirir.

Onu da qeyd edək ki, ötən il prezident İlham Əliyevin Azərbaycan hökumətinin yeni tərkibi ilə bağlı imzaladığı sərəncamda Hesablama Palatasının sədri Heydər Əsədov kənd təsərrüfatı naziri, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov isə baş nazirin müavini vəzifəsinə təyin olunub.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi