AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Modern.az xəbər verir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Xatırladaq ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.
***
18:51
Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilir.
Modern.az xəbər verir ki, cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Hava gəmisinin təxminən bir saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.
Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.
***
16:58
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Onlardan 26-sı Azərbaycan vətəndaşlarıdır.
Dekabrın 28-də həlak olan Azərbaycan vətəndaşlarından 4-nün cənazəsi Bakıya gətirilib.
Digər cənazələrin ölkəmizə nə vaxt gətiriləcəyi isə gözlənən məsələlər arasındadır.
Modern.az bununla bağlı Azərbaycan Hava Yolları (AZAL) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, qəzada həlak olan şəxslərin cənazələri bu gün ölkəmizə gətiriləcək.