"Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir".
Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı növbəti açıqlamada bildirilib.
Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil:
"Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.
Həmçinin qeyd olunmalıdır ki, “Bakı Metropoliteni” QSC metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.
İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq", - deyə açıqlamada əlavə olunub.
***
14:10
Mətbuatda və sosial şəbəkələrdə Bakı metrosunda gediş haqlarının artırılacağı barədə xəbərlər yayılıb. İddia olunur ki, gediş haqqı 50 qəpikdən 55 qəpiyə qaldırılacaq.
Modern.az məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC ilə əlaqə saxlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqı sonuncu dəfə ötən ilin iyun ayında qaldırılıb. Qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası verib.