Modern.az

Türkiyə ilə düşmənçilik edənlər

Türkiyə ilə düşmənçilik edənlər

16 Yanvar 2014, 14:38

Solçu yazarlar, islam donuna girmiş etnik separatçılar fəallaşıb

Son illər hər kəlməsində Türkiyəni lənətləyənlərin sayı artıb. Azərbaycanda xərçəng xəstələrinin sayı artır-Türkiyə lənətlənir, ermənilər xaricdə bir uğur qazanır-Türkiyə lənətlənir. Kimsə televiziyada Türkiyə türkcəsində danışır, yenə Türkiyə lənətlənir.

 Türkiyədə Alparslan Türkeş, Azərbaycanda Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra türk millətçiliyinin xeyli zəiflədiyi sirr deyil. Şiə cəfərilərin ideya-siyasi mərkəzi Qum, sələfilərinki Mədinə olduğu kimi Azərbaycan türk millətçilərinin də söykənəcəyi Türkiyə Cümhuriyyətidir. Son 20 ildə Azərbaycan ictimai-siyasi mühitində türkçülük hakim cərəyan idi. İndi belə deyil. Yuxarıda göstərilən və digər səbəblərdən türkçülük mövqelərini itirib. Bir zamanların türkçülərə uduzmuş etnik separatçıları solçu, kommunist, islamçı adı ilə meydana çıxıblar. Hamısının da bir hədəfi var-Türkiyə! Azərbaycanda özünü reallaşdıra bilməyib xaricə qaçan yazar, jurnalist, filosof və politoloqların hamısının nifrət hədəfi Türkiyədir.

  Azərbaycanın müstəqillik hərəkatının aparıcı ideyası türkçülük idi. Hərəkat liderləri xalqa çoxsaylı vədlər vermişdilər. O utopik vədlərin (neft gəlirləri rusun yox, özümüzün olacaq, heç kim işləməyəcək və s) çoxu reallaşmadı. Bu, təbii ki, hərəkata dəstək vermiş sadə insanlarda pessimizm yaratmalı idi, yaratdı da. Bu baxımdan hərəkatdan, türkçülükdən üz döndərənlər olacaqdı. Həqiqətən də 20 il keçəndən sonra anladıq ki, Türkiyəyə bəslənən ümidlər əsaslı deyilmiş. Müstəmləkədən çıxmış, tarixdə dəfələrlə rus-erməni ittifaqının hücumları qarşısında yalnız qalmış, bir dəfə Osmanlı türkləri tərəfindən xilas edilmiş xalqın kənara, böyük qardaşa, himayəçiyə boylanması təbii idi. Amma 20 ilin siyasi prosesləri bizə çox şey öyrətdi. Anladıq ki, Türkiyə Cümhuriyyəti 20-ci əsrin nəhəng, müsəlman xalqların hamilik edən Osmanlı imperiyası deyil. Onun, eləcə də hər bir dövlətin öz maraqları var. Xalqların elədiyi qardaşlığı bəzən dövlətlər edə bilmir. İkincisi, Türkiyə siyasətinin fərqli və rəngarəng olduğunu anladıq. Türkiyədə Azərbaycanı, türk dünyasını sevənlərin də, sevməyənlərin də, yeri düşəndə söyənlərin də olduğunu gördük. Şəxsən mənim üçün, siyasi reallıqları olduğu kimi qəbul edən digər türkçülər üçün Türkiyənin atdığı və atmadığı addımlar başa düşüləndir. Türkiyə müstəqil dövlətdir. Onun üçün öncə öz marağıdır, sonra Azərbaycanın. Elə bizim üçün də belədir. Elə isə yerli-yersiz Türkiyəni nədən ittiham etməliyik?

 Bəzi ziyalılarımızı aşırı türkiyəçiliyinə qarşı olmuşuq. Qəbul etmişik ki, bizim öz dövlət dilimiz var, Türkiyənin öz dili. Ortaq türkcənin yaranmasının da zamanın işi olduğunu yazırıq. Amma kökü bir olan Azərbaycan və Türkiyə türkcələrinin yaxınlaşmasına olan qısqanclığı da anlamırıq. 1937-ci ilə qədər dilimizin türk dili, millətimizin türk adlanması tarixi faktdır. Son zamanlar bu faktı da danmağa çalışırlar.

  Türkiyəyə qarşı nifrət o həddədir ki, qardaş ölkəni hər şeydə suçlandırırlar. Məsələn, yazırlar ki, Rusiyadan Azərbaycana elm gəldi, mədəniyyət gəldi, Türkiyədən dönər, fahişəlik. Azərbaycanın Avropa mədəniyyətinə Rusiya vasitəsilə qovuşması həqiqətdir. Amma bu faktı ideallaşdırmağa da ehtiyac yoxdur. Türkiyə Avropa mədəniyyətinə rus müstəmləkəsinə düşmədən də çata bildi. Fahişəliyin və digər mənfi meyllərin yalnız Türkiyədən gəldiyini iddia etmək də qərəzkarlıqdır.

 Yazırlar ki, Türkiyədə Azərbaycanı qısqanırlar. Onların dünya şöhrətli bəstəkarlarımızı (Üzeyir Hacıbəyli, Qara Qarayev  və s.) tanımadıqlarını iddia edirlər. Erməniləri sevirlər və s. Hacıbəyli, Qarayev kimi mədəniyyət xadimlərimizi Türkiyədə tanımırlarsa, bu bizim suçumuzdur. Onları biz tanıtmalıyıq. Erməniləri sevmələrinə gəlincə, Türkiyə xalqı yekçins deyil. Onun solçusu, kommunisti, ermənipərəsti var, Orxan Pamuk düşüncəlisi var. Bir qrupun erməniləri sevməsi fəlakət deyil.

  Bir qrup qərəzkar cızma-qaraçının Türkiyəni aşağılayan yazıları Azərbaycanla Türkiyə arasında narazılıq, inciklik yarada bilməz. Azərbaycan “həpimiz erməniyiz” bağıran bir qrup laqeydə görə Türkiyədən incimədiyi kimi, Türkiyə də bir qrup rus başlı etnik separatçıya, anarxistə, kommunistə görə Azərbaycandan incimir. Azərbaycanla Türkiyəni bağlayan tellər daha möhkəmdir. Onlar o qədər azdırlar ki, narahatlığa da əsas yoxdu. Sadəcə, ağrıdıcı məqamlar var. Xaricə qaçan yazarları anlamaq olur. Onlar vətəndən fərar ediblər. Azərbaycanın bütünlüklə işğalı belə onların umurunda belə deyil. Ancaq bu torpaq üzərində yaşayan insan vətənin dostunu, düşmənini tanımalıdır. Axı, siyasi yönündən, əqidəsindən asılı olmayaraq bu vətən hamınındır. Türkiyə dost olmayan İran, Rusiya və Ermənistanla əhatələnmiş Azərbaycanın yeganə müttəfiqdir. Qardaş dövlətdir. Türk xalqı ola bilsin ki, Qara Qarayev, Tahir Salahov yetişdirməyib. Amma dünyanın super güclərinin qarşısında mübarizədə xalqı səfərbər etməyi bacarmış Atatürk, Kazım Qarabəkir Paşa, İsmət İnönü yetişdirib. Türk xalqı dövlətini şəhidlərinin qanı ilə qurub. Türk dilindən xoşun gəlmir, türk kanalına baxma, musiqisinə qulaq asma, daha Türkiyəni lənətləmək nə lazım? Bu prosesdə ən ağrılı nüans isə sosial problemlər (evsizlik, pulsuzluq) üzündən türkçülükdən imtina edib solçu olmuş şəxslərin yazılarını izləməkdir.  Bu adamları insan cəlladı Leninə, türk düşməni Stalinə “qəhrəman” dedirdən içlərindəki qəzəbdir. Sosial narazılıqdan doğan qəzəb!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi