Modern.az

Aynur Sofiyeva Harri Kasparovun Bakıya gəlmək istəyinə münasibət bildirdi

Aynur Sofiyeva Harri Kasparovun Bakıya gəlmək istəyinə münasibət bildirdi

16 Yanvar 2014, 15:18

Azərbaycanda anadan olan dünya çempionu Harri Kasparov 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gəlmək istədiyini bildirib. Modern.az saytı bu məsələyə münasibət öyrənib.

Millət vəkili Vahid Əhmədov torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu səbəbindən indi onun Azərbaycana gəlməsinə müsbət yanaşmır:

“Əvvəla, onun toxunulmazlığı təmin olunmalıdır, millət bu məsələlərdə olduqca həssasdır. Kasparovun Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar indiyədək bir dənə müsbət fikrini oxumamışam. Bu adam gəlməmişdən qabaq bir bəyanat verməlidir ki, Azərbaycan torpaqları təcili boşaldılmalıdır, həmvətənlərimiz öz yurdlarına qayıtmalıdır. Bu məsələ ilə əlaqədar onun mövqeyi bilinməlidir. Ondan sonra gəlməyi məsələsinə qayıtmaq olar. Bəyanat versin, baxaq görək necə bəyanat verəcək”.


"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
Kasparovun Bakıya gəlməsinə pis baxmır: “Harri Kasparov Azərbaycanda yaşayıb. Onun yetişməsində Azərbaycan cəmiyyətinin böyük təsiri olub. Azərbaycana qarşı da heç vaxt aqressiv münasibəti olmayıb. Buna görə məncə, onun istəyinə müsbət yanaşmaq lazımdır”.


Keçmiş şahmatçı, 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş, hazırda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəfəsində çalışan Aynur Sofiyeva
dünya çempionunun istəyini təbii qarşılayır:
“Çünki Kasparovun Kasparov olmasında elə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin əməyi olub. İstedadlı olmaq olar, amma o istedadı reallaşdırmaq üçün mütləq şərait laızmdır. Bu şərait ona burada yaradılıbdır. Hər cür şərait yaradılıb və nəticələri elə Azərbaycanın, Heydər Əliyevin sayəsində qazanıb. Onun Bakıya gəlmək istəyinə gəldikdə, biz Olimpiada kimi yüksək səviyyəli tədbirlər keçiririksə, belə insanların bu tədbirdə iştirakına hazır olmalıyıq. Əsas elələrinin gəlişi yox, onlara qalib gəlməkdir. Olimpiada keçiriləcəksə, yəqin ki, Ermənistanın komandası da iştirak edəcək”.


ADP-nin sədri Sərdar Cəlaloğlu
da Kasparovun istəyinin əleyhinə deyil: “Gəlir, gəlsin də. Nə olar anası erməni olanda. Bizim millətin bir yalnış cəhəti var. Erməni bizimlə müharibədə döyüşüb, biz istəyirik gedib şahmat yarışlarında, yaxud ədəbiyyatda nəsə əvəz çıxaq. Guya biz Kasparovu Bakıya buraxmasaq, Qarabağ azad olacaq. Bu Azərbaycan xalqının boğazdan yuxarı vətənpərvərlik, qeyri-real vətənpərliyinin nümunəsidir. Biz əslində harada mübarizə aparmağımızı bilmirik. Heç dəxli var? Erməni mənim ərazimi alıb deyə, hər hansı bir müğənnisini, şahmatçısını Bakıya qoymuram. Bu nə deməkdir ki? Biz müharibə aparmaq üçün gedib Qarabağda vuruşmalıyıq. Kasparovun Bakıya gəlməsi, şahmat oynamasının, bizə bəyəm nəsə problemi var”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi