Modern.az

Suriya prezidenti Azərbaycana GƏLƏ BİLƏR

Suriya prezidenti Azərbaycana GƏLƏ BİLƏR

15 Fevral 2025, 13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraanı təbrik edib.

Suriya xalqının rifahı naminə məsul fəaliyyətində Əhməd əl-Şaraaya uğurlar arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır".

Prezident İlham Əliyev Əhməd əl-Şaraanı Azərbaycana səfərə dəvət edib.

Azərbaycan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan hakimiyyətlə əlaqələr qurub. Xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. Ancaq vətəndaş müharibəsinin başlamasından sonra əlaqələr kəsilib. 

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur, ancaq səfirliyin yenidən açılması nəzərdə tutulub.

Modern.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, dövlətimizin başçısı tərəfindən prezident səlahiyyətlərinin de-yure icrasına başlayan Əhməd əl-Şaraya təbrik məktubu ünvanlaması və onu Azərbaycana dəvət etməsi, dağıntılar üzərindən yenidən qurulan Suriyaya və bu ölkənin xalqına rəsmi Bakının dəstəyi kimi qiymətləndirilməlidir:

“Bu fakt, eyni zamanda Azərbaycanın qardaş Türkiyə ilə bir çox məsələlərdə, xüsusilə də regional təhlükəsizlik kimi önəmli istiqamətlərdə vahid mövqedən çıxış etdiyini, istisnasız olaraq, müstəqil və milli maraqlara söykənən xarici siyasət yürütdüyünü bir daha təsdiqləyir.Azərbaycan Suriyanın yenidən qurulması və dövlət idarəçilik sisteminin formalaşması prosesində iştirak etməklə, bütövlükdə bölgədə sülhə, əməkdaşlığa böyük töhfə verəcək".

Qeyd edək ki, Suriya Prezidentinin Azərbaycana səfər edəcəyi istisna olunmur. O, dəvəti qəbul edə və Azərbayana gələ bilər. Elçin Mirzəbəyli də səfərin həyata keçəcəyinə və bir sıra mühüm sənədlərin imzalanması ilə müşayiət olunacağına əminliyini ifadə edib.

Deputat qeyd edib ki, Suriya Azərbaycana yad ölkə deyil: “Unutmaq lazım deyil ki, Suriyada, öz tarixi vətənlərində yaşayan, sayı 3 milyona yaxın olan türkmən də bizim qardaşımızdır. Düşünürəm ki, bir sıra humanitar istiqamətlərdə, o cümlədən təhsil sahəsində onlara dəstək vermək zəruridir. Eyni zamanda, bu ölkənin enerji infrastrukturunun yenidən qurulmasında, neft hasilatının bərpasında Azərbaycan şirkətləri iştirak edə bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu