Deputat Mübariz Qurbanlı təklif edib ki, həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin maaşından pul tutularaq qadının pensiya fonduna köçürülsün.
Tanınmış yazar, jurnalist Aysel Əlizadə Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.
O deyib ki, belə bir təklifi bir neçə il əvvəl İstanbulda evdar xanımların aksiyasında görüb:
“Onlar çəkdikləri əziyyətə görə maaş ödənilməsini tələb edirdilər. Bir evdar qadın sadəcə evdar qadın demək deyil, bir cəmiyyətin övladını, vətəndaşını böyüdən tərbiyəçi, baxıcı, aşpaz, evin kişisinin qulluğunda duran, onun qarnını tox edən, səliqəyə salan, qayğısına çəkib işə göndərən adam deməkdir. Bu cəmiyyətə böyük faydadır. Ona görə də bir çox ölkədə evdar qadınlara maaş verilir, onların pensiyası da var. Amma inkişaf edən ölkələrdə evdar xanımlıq deyə bir peşə olmadığı üçün qadınlar çox vaxt evdə oturmur. Yetkinlik yaşına çatmayan qadınlara uyğun saatlar daxilində iş verilir. Onlar həm özünə baxır və cəmiyyətdən qopmur, həm də maaş alırlar. Digər tərəfdən də onların övladlarına bağçalarda yaxşı baxılır. Konkret Finlandiyada mən bunu görmüşəm. Bu məsələ təklif olaraq yaxşıdır. Həm də evdar qadınlara əmək haqqı verilməsi müzakirə oluna bilər”.
Müsahibimizin sözlərinə görə, Ailə Məcəlləsinə görə ailədə hər iki tərəf bərabərhüquqludur:
“Həm ərə, həm də arvada işləmək hüququ verir. Bir tərəf digəri üzərində basqı edir, qadağalar qoyursa, mütləq onun kompensasiyasını da ödəməlidir. Onun maaşından kəsilərək pensiya fonduna yönəldilə bilər. Əslində bu mövzu dərin yerlərə gedib çıxır, arvadının işləməsinə icazə verməmək özü məişət zorakılığıdır. Bunun qanunla cəzası və profilaktik tədbirləri var. Təklifi bəyənirəm, müzakirə etmək olar. Hətta işləndikcə daha təkmilləşə, daha başqa ideyalar ortaya çıxa bilər”.
"Ümumiyyətlə isə qadınlarımız bilməlidir ki, onların işə buraxılmaması, ərləri tərəfindən karyeradan uzaq tutulması, pul qazanmağa, cəmiyyətdə hər hansı mövqe tutmağa qoyulan qadağa iqtisadi və psixoloji zorakılıqdır. Bu, qanunla tənzimlənir və şikayət etsələr, qarşısını hüquq-mühafizə orqanları və icra hakimiyyətləri ala bilər. Əgər bir qadın işləmək istəyirsə, əri buna qadağa qoyursa, bu o deməkdir ki, ona iqtisadi zorakılıq edilir, psixoloji basqı var. Onun qanunla hüquq-mühafizə orqanlarına və icra hakimiyyətinə müraciət etmək hüququ var. Qadının işləməmək istəyi öz seçimi də ola bilər, bəlkə, başqa məşğuliyyətləri var, evində olmağı sevir, işləmək istəmir, yaxud həyat yoldaşının imkanı çox yaxşıdır. Bu, qadının öz seçimidirsə, çox gözəl. Amma basqı varsa, bu məişət zorakılığıdır”.