Son iki gündə cənub bölgəsində iki dəfə hiss edilən zəlzələ baş verib. Lerik və Yardımlıda zəlzələ 3-4 bala qədər hiss edilib, ətraf rayonlarda da zəlzələ qeydə alınıb.
Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son zamanlar Azərbaycanın cənubunda zəlzələlər artıb:
“Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, bu zəlzələlər qaçılmazdır və davam edəcəkdir. İsmayıllı, Quba, Şəki, Zaqatala da aktiv zonalardandır. Buralarda vaxtaşırı hiss olunan zəlzələlər baş verəcək. Qarabağın özündə Şuşa ocağı, Kəlbəcər ərazisində, Naxçıvanda da seysmik ocaqlar var. Talış seysmik ocağı da var və mütəmadi olaraq aktivlik davam edəcək. Hiss olunan 3.5, 4, 4.5 maqnitudalı zəlzələlər qaçılmazdır”.
Onun sözlərinə görə, burada əsas parametrlərdən biri də dərinlikdir: “Məsələn maqnituda 3.5-dirsə, dərinlik səthə yaxındırsa, hiss olunacaq. Əgər dərinlik ortadırsa, o qədər də hiss olunmayacaq. Çünki dalğalar səthdə paylaşdıqca, udulma əmsalı o dərəcə də intensiv gəlib çatmayacaq.Zəlzələnin gücü bir yana onun dərinliyi də əsas faktorlardan biridir. 2025-ci il ərzində mütəmadi olaraq hiss olunan zəlzələlər bütün seysmik ocaqlarımızda baş verəcək”.