Modern.az

Azərbaycanın ehtiyatda olan müxalifəti - Etibar Məmmədov

Azərbaycanın ehtiyatda olan müxalifəti - Etibar Məmmədov

28 Yanvar 2014, 11:06

1988-90-cı illərin meydan hərəkatında üzə çıxan insanların bəziləri hazırda partiya rəhbəridir, digərləri müxtəlif dövlət idarələrində çalışır. Müəyyən insanlar da var ki, vaxtilə ciddi siyasi çəkiyə malik olsalar da, indiki situasiyada gözləmə mövqeyinə çəkilib. Meydan hərəkatının yaratdığı liderlərin siyasi fəaliyyət arealları müstəqillik illərində daha da genişlənməklə müəyyən təsiredici amil kimi şərh olunurdu. Mürəkkəb siyasi burulğanlardan doğan atmosfer sonradan bir əqidəyə qulluq edənlər arasında ixtilaflar yaratdı. Hadisələrin fikir haçalanması və bundan irəli gələrək, liderlərin ayrıca qüvvələr kimi siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulmasına geniş yer ayırmağa isə lüzum yoxdur. Ancaq onu deyə bilərik ki, həmin şəxslərin çox böyük bir hissəsi müxalifət sıralarında yer alır.
İsa Qəmbər artıq 20 ildən çoxdur ki, Müsavat başqanı postunu tutur. AXCP sədri Əli Kərimli də görünür bundan sonra da hələ hakimiyyətlə olan mübarizəsindən əl çəkmək niyyətində deyil. Onilliklərdən adlayaraq bu günə qədər gəlib çatan ana müxalifətin ən ciddi problemlərindən biri isə elektorat zəifliyidir. Digər tərəfdən, Azərbaycan cəmiyyəti neçə ildir eyni simaların populist çıxışlarının bir effekt vermədiyi qənaətindədir. Bir sözlə, istər ənənəvi müxalifətin, istərsə də, hakimiyyətyönlü müxalifət partiyalarının alternativ güc olmaq şansı sıfıra enib. Hətta Milli Şura proyekti ilə müxalifətin yeni siması kimi ortaya çıxan Rüstəm İbrahimbəyov da nüfuz qazana bilmədi.

Azərbaycan müxalifətinin alternativ qüvvənin kim ola biləcəyini dəqiq şərh etmək çətindir,  müəyyən ehtimallar səsləndirmək olar. Bəzi siyasətçilər siyasətdən getdiklərini bəyan etsələr də, onların yeni qüvvə kimi ortaya çıxa biləcəyi də istisna deyil. Deməli bu məntiqlə deyə bilərik ki, müxalifətin ehtiyat skamyasının yeni alternativ qüvvəsi mövcuddur. Sözü uzatmadan qeyd etmək olar ki, bu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovdur. Ən azından vaxtilə AMİP kimi dövrünün nüfuzlu partiyasının təməlini qoymuş E.Məmmədov ciddi elektorata da malik olub. Təsadüfi deyil ki, 1998-ci il prezident seçkilərinin nəticələrində Heydər Əliyevdən sonra siyahıya liderliyi E.Məmmədov edirdi. Düzdür, 2003-ci il prezident seçkilərində sürətlə geriləyən E.Məmmədovu Müsavat başqanı İsa Qəmbər üstələmişdi. Nüfuz itkisi ilə üzləşmiş E.Məmmədov 2004-cü ildən siyasi arenanı tərk etsə də, bu gün üçün də müxalifət qüvvələrinin ehtiyat kadrı hesab oluna bilər.

Birincisi ona görə ki, E.Məmmədov Xalq Hərəkatından gəlib və bu gün orta nəslin yaddaşında qanlı 20 Yanvardakı Etibar Məmmədovdur. Azərbaycanın müstəqilliyə qovuşmasında müəyyən fəaliyyəti olub. Bu tezis digər rol oynamış şəxslərin xidmətlərinə kölgə salmaq kimi şərh oluna bilməz. Amma söhbət müxalifətin ehtiyat kürsüsündəki liderindən gedirsə, AMİP lideri statusunu saxlayan E.Məmmədov faktorunu birmənalı qeyd etmək lazımdır.

Müxalifət az qala ermənipərəst mövqeyi ilə seçilən, Milli Şura layihəsinin müəllifi və qurumun ilk vahid namizədi R.İbrahimbəyovun işığına yığışa bildisə, nədən E.Məmmədov kimi biri arxa plana keçməlidir?! Deməli, seçkilər ərəfəsində bir dəfə də olsun Azərbaycana gəlməyən Milli Şura “qəhrəmanı”na çevrilən R.İbrahimbəyov birdən-birə az qala alternativ qüvvə qiyafəsində ortaya çıxa bildisə, E.Məmmədov kimi Azərbaycanın yaxın tarixində siyasi çəki sahibi olmuş bir şəxs ondan da böyük şansa malikdir.

Bundan əlavə, müxalifətin Əli Kərimli, İsa Qəmbər kimi aparıcı simalarının bundan sonra hər hansı siyasi nailiyyət əldə edəcəyini söyləmək olmaz. Çünki Milli Şura layihəsi ilə olan-qalan şansları əldən verildi. Bəlkə də Milli Şura proyekti olmasaydı, müxalifətin bu “mehriban düşmənləri” nüfuzlarını artıra biləcəkdi. Lakin bundan sonrakı dönəmdə AXCP sədri və Müsavat başqanının sosial bazanı ələ ala biləcəyi ehtimalı sıfıra bərabər kimi görünür. Həmçinin yazının əvvəlində qeyd etdiyimiz kimi, hər iki lider bir neçə ildir ki, yalnız monoton çıxışlar etməklə hakimiyyəti tənqidə kökləniblər. Yeni bir ideya, yeni bir təklif yoxluğu, sosial bazanın zəifliyi hər iki partiya sədri üçün mənfi məqamlardır. AXCP və Müsavat arasında olan qalmaqallar tarixi də cəmiyyətin müxalifətə olan inamımı azaldır. Belə olan təqdirdə, cəmiyyət yeni müxalif qüvvə axtarışına çıxacaq və ehtimal etmək olar ki, bu Etibar Məmmədovdur.

Azərbaycan siyasi müstəvisində müəyyən çəkiyə malik, ALP lideri Lalə Şövkətin şanslarını dəyərləndirərkən isə onun “müxalifətin yeni qəhrəmanı” Etibar Məmmədovla müqayisədə üstünlük qazanmayacağı aydındır. Ən azından ona görə ki, Lalə Şövkət 2003-cü ildə namizədliyini verdiyi prezident seçkilərində İsa Qəmbərdən də az səs toplamışdı. Eyni zamanda, L.Şövkət də Milli Şura layihəsində uğurlar əldə edə bilmədi. Mühafizəkar Azərbaycan toplumu üçün xanım Şövkətin liberal dəyərləri də o qədər əhəmiyyət kəsb etmir.

  “Real” hərəkatı da müxalifətin yeni fazası da sayıla bilər. İlkin açıqlamalara görə, bu hərəkat partiyaya çevriləcək və savadlı gənclər burada aparıcı rol oynayacaq. Ancaq nəzərə alınmalıdır ki, “Real”ın həbsdə olan lideri İlqar Məmmədov Etibar Məmmədovun yetirməsidir və onların hazırda hansı münasibətdə olması düşündürücüdür. Ona görə də hazırda müxalif düşərgədə hadisələr və proseslər E.Məmmədovun xeyrinə işləyir. 



Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi