Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılır. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Konstitusiya Məhkəməsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75 yaş olacaq. Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin altı aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.
Həmçinin Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi zaman o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılacaq.
Qüvvədə olan qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.
Layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.
Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin altı aydan çox olmayan müddətə konkretləşdirilməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub. Prezident İlham Əliyevin təsdiq etməsindən sonra qnun qüvvəyə minəcək.
Modern.az Konstitusiya Məhkəməsinin hakimlərini araşdırıb.
Konstutisiya Məhkəməsinin sədri Fərhad Abdullayev 67 yaşındadır. O, 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olub. 25 iyun 2003-cü ildə və 24 iyun 2013-cü ildə Milli Məclisin təsdiqindən sonra Prezidentin fərmanı ilə Konstitusiya Məhkəməsinin Sədri vəzifəsinə təyin edilib.
Sədrin müavini Sona Salmanova isə 69 yaşındadır. O, 14 iyul 1998-ci ildə Milli Məclisin qərarı ilə AKonstitusiya Məhkəməsinin hakimi, Prezidentin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib.
Hakim Humay Əfəndiyeva 50 yaşındadır. O, 2021-ci ildə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Rövşən İsmayılov isə bu il 55 yaşını qeyd edəcək. O, 2010-cu ildən hakimdir.
Konstitusiya Məhkəməsinin ən qocaman hakimi isə Rafael Qvaladzedir. O, hazırda 77 yaşındadır. Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Digər hakimlər - Ceyhun Qaracayev 60, Kamran Şəfiyev 59 yaşındadırlar.
Ötən il hakim təyin edilən Fikrət Məmmədov isə bu il 70 yaşını qeyd edəcək.
2012-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin edilən İsa Nəcəfov 1952-ci il təvəllüdlüdür. Şərur rayonundan olan hakim bu il 73 yaşını qeyd edir.