Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin bu günə qədərki fəaliyyətini yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Prezidentinin 17 mart 2025-ci il tarixli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
Öz növbəsində Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə dərin minnətdarlığını bildirib.
1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixində Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırkı vaxtadək həmin vəzifədə çalışıb. O, bir sıra orden və medallarla təltif olunub.