Modern.az

Paytaxtda leysan və külək - Bakının deputatları şəhərdəki vəziyyətdən DANIŞDI

Paytaxtda leysan və külək - Bakının deputatları şəhərdəki vəziyyətdən DANIŞDI

Ölkə

16 Aprel 2025, 12:26

Paytaxtda axşamdan başlayan yağış şəhərdə bir sıra çətinliklər yaradıb və fəsadlar törədib. Dövlət qurumları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Modern.az Bakının bir sıra rayonlarını təmsil edilən deputatlarla hazırkı vəziyyəti öyrənmək üçün əlaqə saxlayıb.

Saytımıza açıqlamasında 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin deputatı Məlahət İbrahimqızı bildirib ki, seçiciləri hava şəraiti ilə bağlı ona heç bir müraciət etməyiblər:

"Rayon təsərrüfat idarəsi, icra hakimiyyəti deyiləm ki, seçicilər mənə müraciət etsinlər. Deputatlarla kritik məsələlərlə bağlı əlaqə saxlanılır. Ümumiyyətlə, son zamanlar yağan leysan yağışlarında heç vaxt şikayət olmayıb. Bu ana qədər də heç bir şikayət yoxdur. Əminəm ki, təkcə Nəsimi rayonunda yox, Bakının heç bir yerində problem olmaz. Çünki artıq təcrübə var. Bu il bir neçə sel yağışında müəyyən problemlər olmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proses tənzimləndi. Bilirsiniz, bu təkcə Azərbaycanda olan hadisə deyil. İnsanları panikaya salmaq olmaz. Təbiətin şıltaqlığıdır. Keçən il Almaniyada necə dəhşətli yağışlar yağmışdı. Heç Almaniya kimi dövlət bunun qarşısını ala bilmədi, yağışın çox ciddi də fəsadları oldu. Belə hallar olur. Subyektiv və obyektiv səbəblər ola bilər. Çox güclü leysan yağışı yağa bilər. İnsan təbiətin qarşısında acizdir. Bəs COP tədbirləri nəyə görə keçirilir? Ona görə ki, iqlim dəyişikliyi sayəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın. Əminəm ki, indi də ciddi problem olmaz. Yaşadığım yer də  körpülər tərəfdədir. 5-10 dəqiqəyə evdən çıxacam. Amma pəncərədən görürəm ki, maşınlar həmişəki qaydada gedirlər, amma indi böyük sel də yoxdur”.

27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Arzuxan Əlixadə isə bildirib ki, hazırda Sabunçu rayonunda şəhər mərkəzinə çıxışda çox ciddi çətinlik var.

"Yol faktiki olaraq bağlanıb, Bağırov tunelində keçid dayandırılıb. Bu səbəbdən artıq 1 saatdan artıqdır ki, həmin istiqamətdə maşınların hərəkətinə imkan yoxdur. Yağışla əlaqədar ailə üzvlərimlə də əlaqə saxlamışam. Bildirirlər ki, "Koroğlu" metrosu tərfədə maşında qalıblar, həmin ərazidən nə irəliyə, nə geriyə keçid yoxdur.

Deputat bildirib ki, Sabunçu qəsəbəsində yağışın yaratdığı vəziyyətlə bağlı da  məlumatlar alır.

17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Göydəniz Qəhrəmanov isə saytımıza açıqlamasında bunları deyib: "Bildiyiniz kimi, hava şəraiti kəskin dayişib. Gecədan əsən külək güclü yağışla müşaiyət olunur. Nəticədə şəhərin bir neçə tunelinə su dolub və nəqliyyat vasitələrinin fəaliyyətində məhdudiyyətlər var. Bu səbəbdən bir neçə istiqamətə yollarda tıxac mövcuddur. Dövlət qurumları bu istiqamətdə bərpa işləri görürlər. Ümid edirik, qısa zamanda hava şəraiti normala qayıdacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər