Modern.az

Ceyhun Bayramov sloveniyalı həmkarına sülh prosesi barədə məlumat verdi

Ceyhun Bayramov sloveniyalı həmkarına sülh prosesi barədə məlumat verdi

Ölkə

17 Aprel 2025, 13:24

15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.

XİN-dən Modern.az-a verilən xəbərə görə, nazirlər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı qeyd olunub, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.

Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin və ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika Nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar.

****

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.

Modern.az-ın məlumatına görə, bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqzda gedən proseslər müzakirə edilib.

"Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin bu prosesin tam bitməsi üçün Ermənistandan legitim gözləntiləri barədə danışmaq imkanı oldu".

Nazir qeyd edib ki, bu gözləntilər Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə davam edən ərazi iddiaları və tarixə qovuşmuş Minsk qrupunun tam ləğv olunmasını ehtiva edir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər