Modern.az

Azərbaycanlı gənc böyrəyini 200 min dollara SATIB

Azərbaycanlı gənc böyrəyini 200 min dollara SATIB

Ölkə

17 Aprel 2025, 14:13

Almaniyaya məxsus media qurumları dünyanın müxtəlif yerlərində yoxsul insanların orqanlarının alğı-satqısını ifşa edən araşdırma yayımlayıb.

Modern.az-ın məlumatına görə, "Der Spiegel", ZDF və DW tərəfindən həyata keçirilmiş ortaq araşdırma nəticəsində məlum olub ki, kasıb, xüsusilə də Afrikadan olan gənclər orqan transplantasiyası üçün istismar olunur, onların böyrəkləri zəngin ölkələrdə – o cümlədən Almaniyada yaşayan pasiyentlərə satılır.

Bu çirkli ticarətin mərkəzlərindən biri isə Keniya olub. Qanunsuz əməliyyatlar çox vaxt həkim nəzarətindən uzaq, sağlamlıq və etik standartlar gözlənilmədən həyata keçirilir.

Əldə olunan sənədlər və şahid ifadələri göstərir ki, böyrəklərin alınması və satılması prosesi təşkilatlanmış şəkildə, vasitəçilər və özəl tibb müəssisələrinin iştirakı ilə reallaşır. Bu şəbəkə bir tərəfdən ehtiyac içində olan gəncləri, digər tərəfdən isə donor tapmaqda çətinlik çəkən varlı pasiyentləri aşkarlayır.

Şəbəkənin qurbanlarından biri də Keniya kəndlərindən birində yaşayan 22 yaşlı Amon Kipruto Meli olub. Pandemiya sonrası iqtisadi çətinliklər səbəbilə dolanışıq tapa bilməyən Amon bir dostunun "böyrəyini sataraq 6 min dollar qazanmaq" təklifini qəbul edib. Lakin bu qərar onun həyatını alt-üst edib.

Vasitəçi onu Keniyanın Eldoret şəhərində yerləşən Mediheal Xəstəxanasına aparıb. Orada Amonu hindistanlı həkimlər qarşılayıb və ingiliscə sənədlərə imza atmağa məcbur ediblər – o isə bu dili başa düşməyib. Ona nə tibbi risklər haqqında məlumat verilib, nə də əməliyyatın fəsadları izah olunub. Sadəcə ətrafdakı insanlara işarə edilərək deyilmişdi: “Hamısı böyrəyini verib, işlərinə qayıdıblar.”

Əməliyyatdan sonra isə Amon yalnız 4 min dollar alıb – verilən vədə əməl edilməyib. Bu pulla aldığı telefon və avtomobil tezliklə xarab olub. Sağlamlığı isə sürətlə pisləşməyə başlayıb: halsızlıq, başgicəllənmə və nəhayət, huşunu itirmə. Anası oğlunun böyrəyini satdığını öyrənəndə sarsılıb: “Bu adamlar Amon kimi gənclərin üzərindən pul qazanırlar,” – o deyib.

Keniya Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Uilis Okumu bildirir ki, yalnız Eldoretə yaxın Oyugis şəhərində təxminən 100 gənc bu cür əməliyyatlara cəlb olunub. Onların bir çoxu ciddi tibbi fəsadlar, psixoloji travma və depressiyadan əziyyət çəkir. Araşdırma göstərir ki, donorlar əməliyyatdan sonra yeni donorlar tapmaq üçün vasitəçiyə çevrilirlər və hər bir yeni gətirdikləri şəxs üçün təxminən 400 dollar komissiya alırlar.

Ən dəhşətlisi odur ki, bəzən donorlar yetkinlik yaşına çatmamış şəxslər olur və onlara orqan verdikləri şəxsin “qohumu” kimi saxta sənədlər imzalatdırılır. Dil baryeri səbəbilə bu sənədlərin mahiyyətini anlamayan donorlar sadəcə imza atmaqla əməliyyata razılıq verir.

Araşdırmada adı çəkilən sabiq "Mediheal" xəstəxanası əməkdaşının dediyinə görə, 2022-ci ildən etibarən orqan alıcıları təkcə Somalidən deyil, həm də İsrail və Almaniyadan gəlməyə başlayıb. Bu "yeni müştərilər" üçün isə donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən cəlb olunur. Beləliklə, Azərbaycanın da bu təhlükəli və qeyri-qanuni prosesin bir hissəsi olduğu üzə çıxıb.

Araşdırmada 24 yaşlı azərbaycanlı gəncin böyrəyini satdığı bildirilir. Bu əməliyyatlar üçün vasitəçi rolunu “MedLead” adlı agentlik oynayır. Onların veb saytında “30 gün ərzində böyrək transplantasiyası” və “98% uğur” vəd edilir. Lakin reallıqda donorlar aldadılır, alıcılar isə qeyri-rəsmi şəkildə 100-200 min dollar arasında ödəniş edirlər. Rəsmi sənədlərdə isə hər şey “altruistik yardım” kimi göstərilir.

Bu çirkli şəbəkənin arxasında güclü və vəzifəli şəxslərin dayandığı da iddia olunur

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər