Modern.az

Azərbaycanda neçə cüzam xəstəsi var? - Rəsmi CAVAB

Azərbaycanda neçə cüzam xəstəsi var? - Rəsmi CAVAB

Ölkə

26 Aprel 2025, 09:42

Azərbaycanda qeydiyyatda olan cüzam xəstələrinin sayı 16 nəfərdir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda bu şəxslərin hamısı Respublika Cüzam Xəstəxanasında qeydiyyatdadır. Onların 10 nəfəri stasionar şəraitdə müalicə olunur. Qalan 6 nəfər isə ambulator nəzarətdədir.

Qeyd edək ki, cüzam – el arasında “cəza xəstəliyi” kimi tanınsa da – müasir tibbin nəzarətində olan və sağalan infeksion xəstəliklər sırasındadır. Azərbaycanda bu xəstəliklə mübarizə aparan yeganə ixtisaslaşmış tibb müəssisəsi Respublika Cüzam Xəstəxanasıdır və illərdir fəaliyyətini davam etdirir.

Cüzam adətən dəridə ləkələr, sinir zədələnmələri və ətraflarda hissiyyatın itməsi ilə müşahidə olunur. Xəstəlik hava-damcı yolu ilə deyil, daha uzunmüddətli və yaxın təmas nəticəsində yayılır.

Dünyada artıq bir çox ölkə bu xəstəliyin kökünü kəssə də, bəzi yerlərdə sporadik hallara rast gəlinir. Azərbaycanda isə cüzamın yayılması riski aşağı səviyyədə qiymətləndirilir. Müalicə olunan xəstələrin əksəriyyətində geriləmə müşahidə olunur və onlar cəmiyyətə adaptasiya olunmuş şəxslərdir.

Ekspertlər hesab edir ki, bu xəstəliklə bağlı cəmiyyətdə hələ də mövcud olan damğalama hallarına qarşı maarifləndirmə işi gücləndirilməlidir. Çünki erkən diaqnoz və düzgün müalicə ilə cüzam tam sağalan xəstəliklər sırasındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər