Modern.az

Təyyarələrin dövlət reyestrinə daxil edilməsi qaydası təsdiqləndi

Təyyarələrin dövlət reyestrinə daxil edilməsi qaydası təsdiqləndi

Ölkə

25 Aprel 2025, 15:14

Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası təsdiqlənib.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydanın müddəaları aşağıdakı hava gəmiləri istisna olmaqla, digər hava gəmilərinə şamil edilir:

- yalnız meteoroloji məqsədlər üçün istifadə olunan pilotlu meteoroloji aerostatlar;
- mülki pilotsuz uçuş aparatları.
Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması aşağıdakı qurumlar tərəfindən həyata keçirilir:
dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;
- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (Agentlik);
- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Agentlik, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Nazirlik.

Azərbaycan Respublikasına mənsub hava gəmiləri dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmiləri dövlət uçotuna alınmalıdır. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycan Respublikasının milli mənsubiyyətini daşıyır. Hava gəmisi eyni vaxtda yalnız bir dövlətdə qeydiyyatda ola bilər və yalnız bir qeydiyyat sertifikatına malik ola bilər. Azərbaycan Respublikasında istismar edilən və xarici dövlətdə qeydiyyatda olan, habelə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi barədə qeydiyyat dövləti ilə istismarçı dövlət arasında bağlanılmış müqaviləyə əsasən istismarçı dövləti Azərbaycan Respublikası sayılan hava gəmiləri Azərbaycan Respublikasında dövlət uçotuna alınmalıdır.

Mülki hava gəmiləri istehsal edildikdən, barəsində əqd bağlanıldıqdan və ya üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra 5 (beş) iş günü müddətində mülki hava gəmiləri üzərində hüquqların qeydiyyatı ilə bağlı Agentliyə ərizə ilə müraciət olunur.
Mülki hava gəmiləri aşağıdakı hallarda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınır:
- hava gəmisi Azərbaycan Respublikasının dövlət və ya bələdiyyə mülkiyyətində, Azərbaycan Respublikası vətəndaşlarının və ya Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin mülkiyyətində olduqda;
- hava gəmisi xarici dövlətdə qeydiyyatda olmadıqda;
- hava gəmisinin dizayn dövləti tərəfindən verilmiş növ sertifikatı Agentlik tərəfindən tanınmış olduqda.
Mülki hava gəmisinin dövlət qeydiyyatına alınması üçün müraciət edən ərizəçi qismində hava gəmisinin mülkiyyətçisi və ya onun qanunla müəyyən olunmuş qaydada səlahiyyət verilmiş nümayəndəsi ola bilər. Mülki hava gəmilərinin dövlət reyestrində aşağıdakı məlumatlar saxlanılır:
- Agentlik tərəfindən verilmiş qeydiyyat sertifikatında və dövlət reyestrindən çıxarılma haqqında çıxarışda göstərilən məlumatlar;
- hava gəmisinin ipotekaya qoyulması və ya digər şəkildə yüklü edilməsi haqqında məlumat;
- qeydiyyat sertifikatının dublikatı (və ya dublikatları) barədə məlumatlar;
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” ilə müəyyən edilmiş digər məlumatlar.
Mülki hava gəmisi ipoteka ilə yüklü edildikdə, habelə hava gəmisinin üzərinə həbs qoyulduqda, bu hava gəmisinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarılması həmin hava gəmisinin üzərinə həbs qoymuş və ya onu digər şəkildə yüklü etmiş şəxsin razılığı təqdim edilməklə həyata keçirilir.
Mülki hava gəmisinin ipotekasının dövlət qeydiyyatının aparılması və ləğvi Agentlik tərəfindən həyata keçirilir və bu barədə məlumat mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilir.
Mülki hava gəmisinin ipotekasının dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatından imtina edilməsi, onun dayandırılması və digər məsələlər “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Agentlik 5 (beş) iş günü müddətində mülki hava gəmisinin ipotekasının dövlət qeydiyyatını aparır və bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada mülki hava gəmisinin ipotekasının qeydiyyata alınması ilə əlaqədar mülki hava gəmilərinin dövlət reyestrindən çıxarışı ipoteka saxlayana təqdim edir.
İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında Agentlik tərəfindən ləğv edilir.
Aşağıdakı hallarda mülki hava gəmisi dövlət reyestrindən çıxarılır və onun qeydiyyat sertifikatı hüquqi qüvvəsini itirir:
- bu Qayda müəyyən olunmuş tələblərdən ən azı biri təmin edilmədikdə;
- hava gəmisinin dövlət reyestrindən çıxarılması üçün Agentliyə ərizə ilə müraciət edildikdə;
- qeydiyyat sertifikatının sahibi nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə;
- hava gəmisi tamamilə məhv olduqda, söküldükdə, itkin düşdükdə, oğurlandıqda və ya tamamilə istismardan çıxarıldıqda;
- qeydiyyat sertifikatının sahibi olan fiziki şəxsin qanuni vərəsəsi olmadıqda və ya hüquqi şəxs ləğv edildikdə.

Xarici dövlətə mənsub mülki hava gəmisinin dövlət uçotuna alınması üçün ərizəçi qismində hava gəmisinin istismarçısı və ya onun səlahiyyətli nümayəndəsi aşağıdakı məlumatlar və sənədlər əlavə olunmuş ərizəni Agentliyə təqdim etməlidir:

- istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

- qeydiyyat sertifikatının surəti;

- istismarçı sertifikatının surəti;

- uçuşa yararlılıq sertifikatının surəti;

- hava gəmisindən istifadə məqsədi;

- müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.

Nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar hava gəmisinin istismarçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hava gəmisinin istismarçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya hava gəmisinin istismarçısı tərəfindən təmin edilir.

Agentlik tərəfindən qeydiyyata alındığı tarixdən 10 (on) gün müddətində ərizəyə baxılaraq xarici dövlətə mənsub hava gəmisinin dövlət uçotuna alınması və ya alınmasından imtina barədə qərar qəbul edilir. Xarici dövlətə mənsub mülki hava gəmisinin dövlət uçotuna alınması haqqında qərar qəbul edildikdə Agentlik tərəfindən mülki hava gəmisinin uçuşa yararlılığı sertifikatının və ya hava gəmisindən istifadə hüququ verən sənədin qüvvədəolma müddətinin bitdiyi tarixədək (hansı hal daha tez baş verərsə) hüquqi qüvvəyə malik olan dövlət uçotuna alınma haqqında arayış verilir.

Xarici dövlətə mənsub hava gəmisinin dövlət uçotuna alınması haqqında arayış xarici dövlətə mənsub mülki hava gəmisinin istismarçısının və ya onun qanunla müəyyən olunmuş qaydada səlahiyyət verilmiş nümayəndəsinin ərizəsi əsasında, həmçinin bu Qaydada müəyyən olunmuş hallarda Agentlik tərəfindən ləğv edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər