Ötən gün Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.
Modern.az xəbər verir ki, TASS adı açıqlanmayan Rusiya rəsmisinin mövqeyini dərc edib.
Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir.
Mənbə bildirib ki, Azər Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə təsir göstərmir:
“Rusiya dost ölkələrlə münasibətlərdə STOP siyahısı praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, daha əvvəl bir sıra Rusiya qanunvericilərinə Azərbaycana giriş qadağası qoyulmuşdu. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir”.
Qeyd edək ki, “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyev azərbaycanlıları “şobla” (banda) adlandırmışdı. Azər Badamov isə ona belə cavab vermişdi:
“Bu təyin ilk növbədə, Valuyevin özünü xarakterizə edir. Üstəlik, “banda”nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, Nikolay Valuevin portreti bunun üçün ən uyğun olardı. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, o, təkamülün çıxılmaz qolunun nadir eksponatıdır, inkişafında Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə baş verən gün məsələyə münasibət bildirib, qeyd olunub ki, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, - deyə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.