Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.
Modern.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.