Modern.az

İmişli ağsaqqallarına yeni sədr və müavinlər seçildi - FOTO

İmişli ağsaqqallarına yeni sədr və müavinlər seçildi - FOTO

Ölkə

21 May 2025, 20:15

May ayının 21-də İmişli Rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı keçirilib. 

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnaməyə görə zəruri hallarda İdarə Heyətinin və ya üzvlərin 1/3-nin təşəbbüsü, yaxud Azərbaycan Ağsaqqallar Şurasının təklifi ilə növbədənkənar konfrans çağırıla bilər. İmişlidəki məlum hadisələrdən sonra bu konfrans Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə keçirilir.

Sonra konfransın aparılması üçün sədr və katib seçilib, gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri gündəlikdəki məsələlərin İmişli Rayon Ağsaqqallar Şurasına sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Konfransda çıxış edənlər tərəfindən İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə əməkdar müəllim Ramiz Əmirovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, təqaüdçü, əməkdar müəllim, uzun illər illər rayon təhsil şöbəsinin müdiri işləmiş və 2021-2024-cü illərdə İmişli Rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Ramiz Əmirov bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Ramiz Əmirov İmişli Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra Ramiz Əmirovun təqdimatı ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının, eləcə şəhid valideynlərinin, din xadimlərinin olduğu 11 nəfərin və Təftiş Komissiyasına 3 nəfərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Eləcə də İdarə Heyətinin üzvləri arasından Şahsuvar Əmirahov və Bakir Əliyev sədr müavinləri seçiliblər.

Konfransda çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təşkilatın yeni sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, ağsaqqallar hər zaman ölkəmizin, eləcə də İmişli rayonunun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıblar. Gənclərimizin maarifləndirilməsində, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında və digər aktual məsələlərin həllində yaxından iştirak edərək öz təcrübə və bacarıqlarını əsirgəməyiblər. Biz əminik ki, bundan sonra da rayon ağsaqqalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlətçilik siyasətini dəstəkləyəcək, azərbaycançılıq məfkurəsini təbliğ edəcək və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov da yeni seçilən sədri və heyəti təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar diləyib. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onları bu günümüzlə gələcəyimizi birləşdirən, bütün mütərəqqi adət və və ənənələrimizi, dəyərlərimizi qoruyaraq gənc nəslə ötürən şəxsiyyətlər kimi yüksək dəyərləndirib. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də cəmiyyətimizi mənfi hallardan, yad təsirlərdən qoruyan ağsaqqallara böyük dəyər verir, onlara daim diqqət və qayğı ilə yanaşır. Sonra Vahid müəllim Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək bildirib ki, təşkilatın qarşısına qoyduğu əsas məqsəd xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət etmək, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və vətəndaş məsuliyyətinin artırılması üçün zəruri tədbirlər həyata keçirməkdır. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərdə və keçiriləcək tədbirlərdə təşkilat üzvlərinin yaxından iştirakının təmin olunmasının zəruriliyi barədə Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci il üçün İş planının müvafiq bəndlərinin icrasına metodik yardım göstərildiyini vurğulayıb. Bu məqsədlə “Konstitusiya və Suverenlik: milli məfkurənin qoruyucusu kimi” mövzusunda hazırlanmış metodik materialdan söz açıb və onun Şuranın bütün yerli təşkilatlarına göndərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nitqinin sonunda Vahid Novruzov dünyanın məhşur filsoflarının ağsaqqallarla, ahıl insanlarla bağlı “Ahıllara münasibət cəmiyyətin mənəvi səviyyəsidir”, “Ahıllıq müdrikliyin çiçəkləndiyi dövrdür” kimi dəyərli fikirləri səsləndirərək, öz çiçəklənmə dövrünü yaşayan müdrik ağsaqqallarımızın bundan sonra fəaliyyətlərini daha yüksək səviyyədə quracaqlarına və Azərbaycanımızın inkişafına dəyərli töhfələr verəcəklərinə əmin olduğunu bildirib. 

Konfransda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov ona və yeni seçilən heyətə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, təşkilatın uğurlu fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb. 

Sonda xatirə şəkli çəkilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi