Modern.az

Azərbaycan siyasətçiləri erməni həmkarları ilə görüşdə - Nələr DANIŞILIB...

Azərbaycan siyasətçiləri erməni həmkarları ilə görüşdə - Nələr DANIŞILIB...

Ölkə

7 İyun 2025, 14:36

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib.

Azərbaycandan görüşdə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin Müsavat Partiyasının Məclis sədri Arif Hacılı iştirak edib.

Ermənistanı isə müxalifət olan "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.

Modern.az-a açıqlamasında R.Nurullayev deyib ki, görüşdə xeyli mübahisələr olub.

“Bu günə qədər keçirilən görüşlərdə iştirak edən Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisəsiz toplantı görməmişəm. Təbii ki, xeyli mübahisələr oldu və bəzən qarşılıqlı ittihamlara da keçildi. Nə etmək olar, Ermənistan müxalifəti barışmaz və qərəzli mövqeyi ilə seçilir. Onlar düşünür ki, Baş nazir Paşinyan saysız-hesabsız güzəştlərə gedib və bunun fonunda Azərbaycan yenə də sülh müqaviləsini imzalamağı uzadır. 

Qeyd etdik ki, Ermənistan özünü zəfər çalan Azərbaycan ilə bərabər tutmaq və az qala qalib ölkə kimi hələ şərtlər də irəli sürür. Azərbaycanın mövqeyi budur ki, bütün yazılı və şifahi mübahisələr həll edilmədən sülh müqaviləsi imzalayıb, gələcək nəsillərə problem saxlamaq olmaz. Sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir. Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla bərabər müraciət etməli, sərhədyanı ərazilərdə "Yerkrapah" hərbi təşkilatı Azərbaycana qarşı provokasiyalardan çəkinməli, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ təsbit edilməli, o cümlədən qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır. 

Məlum oldu ki, Ermənistan müxalifəti  danışıqları Rusiya masasına yatırmaqda və prosesi təzələmək fikrindədir. Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq.

Azərbaycanın dəyişməz mövqeyini bir daha vurğuladıq və onları regionda sülhün bərqərar olması üçün obyektiv mövqe nümayiş etdirməyə dəvət etdik”.

Musavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə vurğulayıb ki, polemikada iştirak xüsusi çətinlik yaratmayıb:

“Təbii ki, hər tərəf öz mövqeyini irəli sürür. Amma bizim üçün xüsusilə indi belə polemikalarda iştirak etmək xüsusi çətinlik yaratmır. Ona görə ki, Ermənistan-Azərbaycan münaqişəsində bizim mövqeyimiz hər zaman haqlı olub. Bu günün gerçəkliyi belə tipli tədbirlərdə daha rahat, daha ciddi arqumentlərlə danışmaq imkanı yaradır. Ona görə də bizim üçün müəyyən çətinliklər yoxdur. Ermənistan tərəfinin nümayəndələri müxalifət qanadından olan şəxslər idi”.

A. Hacılı Azərbaycanın bu məsələlərdə mövqeyini izah etdiklərini deyib:

“Xüsusilə Ermənistanın sülh sazişi ilə bağlı addımlar atmalı olduğunu, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində olduğunu izah etməyə çalışırıq. Müəyyən tədqiqatçılar, bəzi hallarda ATƏT-in, Avropa İttifaqının nümayəndələri görüşlərdə iştirak edir. O baxımdan tədbirləri əhəmiyyətli hesab edirəm”. 

“Görüşlər davam edəcək?” suala cavabında A.Hacılı deyib: “Bir neçə ildir ki, belə tədbirlərdə iştirak edirəm. Əvvəllər Azərbaycandan müxtəlif adamlar iştirak edirdi. Parlamentin üzvləri Azərbaycanı təmsil edirlər. Amma mən bir neçə ildir, hər il iki dəfə -yaz və payızda keçirilən tədbirlərdə iştirak edirəm. Görüşlərin davamı təbii ki, təşkilatçı tərəfdən asılı olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi