“Qaz təchizatı haqqında” yeni qanun layihəsi ölkəmizdə qazın qiymət tənzimlənməsi mexanizmində əhəmiyyətli dəyişikliklər və sektorun strukturlaşmasında yeniliklər vəd edir.
Modern.az xəbər verir ki, bu sözləri Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçəcək: “Layihədə qaz satıcısının hüquq və vəzifələri dəqiq şəkildə müəyyən edilib. Bundan əlavə, qaz təchizatı zəncirində fəaliyyət göstərən subyektlərin bölünməsi həyata keçiriləcək. Bu, qazın paylanması, satışı, nəqli, topdan satışı və idxalı ilə məşğul olan qurumun daxilində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını nəzərdə tutur. Bu addımın sektorun daha şəffaf və səmərəli idarə olunmasına töhfə verəcəyi gözlənilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanun layihəsi qaz sektorunda rəqabətliliyi artırmaq və istehlakçıların maraqlarını daha yaxşı qorumaq məqsədi daşıyır.