Azərbaycanda “Elektroenergetika haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək.
Sabiq tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Energetika nazirinin müavini Samir Vəliyev ötən gün sabit tariflərin məqsədini açıqlayıb.
O qeyd edib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər.
"Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”, - deyə nazir müavini bildirib.
Modern.az-ın məlumatına görə, hər iki qanun layihəsi parlamentin iyunun 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Deputatlar təsdiqlədikdən sonra Prezidentin imzası ilə qanunlar qüvvəyə minəcək.
Ancaq qaz təchizatı haqqında qanunun bəzi müddəaları dərhal qüvvəyə minməyəcək.
Belə ki, qanun layihəsinə görə, sənəd 2026-c ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun bəzi müddəaları (qazın paylanması tarifləri) 2027-ci ildə, bəzi maddələri (Qaz təchizatı sektorunda dövlətin vəzifələri) 2028-ci ildə tətbiq ediləcək.
Elektrik enerjisi barədə dəyişikliklər isə prezidentin imzalanmasından sonra tətbiq ediləcək.