“Məlumdur ki, 500 mindən artıq sənədsiz ev təkcə Bakı şəhərində var”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, regionlarda bu say daha da çoxdur:
“Ötən ilin payızında subasma nəticəsində mənim də təmsil etdiyim Sabunçu rayonunun Sabunçu qəsəbəsində çox sayda sakinin mənzilinə ziyan dəymişdi. 30-a yaxın mənzilə baş çəkdim, məlum oldu ki, evlərin çoxunun sənədi yoxdur. Neftli sahədə yerləşdiyi üçün o evlərə neftli sular dolmuşdu, o evlərdə heç yaşamaq mümkün deyildi. O evlərdə yaşayan vətəndaşlara hansısa formada dəstək olmaq istəyirdik, amma evlərin sənədləri olmadığı üçün acınacaqlı durum yaranmışdı”.
Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib:
“Həmin evlərin böyük əksəriyyəti Balaxanı neftin buruqlardan çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Səndədsiz evlərlə bağlı evlərin problemi öz həllini tapmalıdır”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarının fikirlərinə münasibət bildirib. O qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub, burada obyektiv və subyektiv səbəblər var: “Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri odur ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib.
Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Çünki onlar bələdiyyələrə, əmlak, torpaq vergisi vermirlər və bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir. Amma bunun üçün 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir.
Digər tərəfdən bu evlərin bir hissəsi neft ərazisində tikilib və bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub versin ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digərləri var ki, evlərini yüksək qaz xəttlərinin altında, dəmiryolu kənarında tikiblər. Torpaqların kateqoriyaları dəyişməlidir, yenilənməlidir. Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar.