Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir. Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycan Orta Dəhlizi Avropa İttifaqı ilə Çin kimi iki böyük iqtisadi güc arasında strateji bağlantı kimi görür. “Avropa İttifaqı ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard avrodan çoxdur. Onlar rəqabət apara bilərlər, lakin biz bunu əməkdaşlıq imkanları kimi görürük”,- deyə Hacıyev bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə Avropa İttifaqının “Qlobal Qapı” (Global Gateway) təşəbbüslərinin Cənubi Qafqaz və Xəzər regionuna necə tətbiq olunacağı hələ də tam aydın deyil. “Biz tərəfdaşlarımızla əməkdaşlığa açığıq, lakin öz planlarımızı da yerinə yetiririk”,- deyə o vurğulayıb.
Hikmət Hacıyev çıxışında bir daha bildirib ki, Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir: “Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər”.