İyunun 13-dən etibarən İsrail ilə İran arasında alovlanan hərbi toqquşmalar bölgədəki mülki aviasiya axınına ciddi şəkildə təsir edib. Artan təhlükəsizlik riski fonunda bir sıra beynəlxalq uçuşlar ləğv olunub, digərləri isə ciddi gecikmələrlə həyata keçirilir.
Bu qeyri-müəyyən vəziyyət, xüsusilə də Həcc ziyarətindən vətənə dönən zəvvarların taleyinə dair suallar doğurub.
Qafqaz Müsəlmanları İdarəsinun (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hacıların ilk qrupu hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır və vətənə sağ-salamat dönüblər.
O həmçinin qeyd edib ki, növbəti reyslər də mərhələli şəkildə həyata keçiriləcək. "Hacıların dönüşündə hansısa çətinliklər yoxdur", - açıqlamada bildirilir.