Son illər Azərbaycanda xərçəng xəstəliklərinə dair göstəricilər onkoloji risklərin ciddiliyini və profilaktik tədbirlərin əhəmiyyəti məsələsini gündəmə gətirib. 2024-cü ildə ölkə üzrə onkoloji diaqnoz qoyulanların sayı 15 min nəfəri ötüb. Müxtəlif yaş qruplarında aşkarlanan xəstəliklər arasında isə ən çox süd vəzisi, mədə, ağciyər və bağırsaq xərçəngləri qeydə alınıb. Mövcud statistika onu göstərir ki, erkən diaqnostika, maarifləndirmə və vaxtında tibbi müdaxilə bu xəstəliklə mübarizədə həlledici rol oynayır.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, yentörəmələrin aşkarlanması halları daha çox 45-60 yaş aralığını əhatə edirr.
“Son illərdə aşkarlanan xəstəlik hallarında həm ümumi artım müşahidə olunur, həm də bu, bir sıra hallarda gecikmiş diaqnostikanın nəticəsidir. Xərçəng yoluxucu xəstəlik olmadığından “yayılma” anlayışı bu xəstəlik üçün tam uyğun deyil. Bununla belə, xəstəliyin yayılma tempində artım olduğu da qeyd edilir. Əsas problem kimi xəstələrin həkimə gec müraciət etməsi göstərilir. Əgər diaqnostika ilkin mərhələlərdə aparılsa, sağalma ehtimalı kifayət qədər yüksək olur. Təəssüf ki, ölkəmizdə əksər xəstələr 3-cü və 4-cü mərhələlərdə tibbi yardıma müraciət edirlər”.
Baş həkimin sözlərinə görə, ən çox rast gəlinən xərçəng növləri arasında süd vəzi, ağciyər və mədə xərçəngi ön sıradadır:
“Hər bir xərçəng növünün öz lokalizasiyasına görə fərqli simptomları, diaqnostika üsulları və müalicə taktikaları mövcuddur. Xəstəliyin yaranma səbəbi dünya üzrə tam məlum deyil. Bu isə o demək deyil ki, müalicə yoxdur. Sadəcə, tam sağalma üçün xəstəliyin ilkin mərhələlərdə aşkarlanması vacibdir. Bunun üçün insanların mütəmadi tibbi müayinələrdən keçməsi əsas şərtdir. Süd vəzi xərçəngi üzrə dünyada qəbul olunan qaydaya görə, 35 yaşdan yuxarı olan qadınlar ildə heç olmasa bir dəfə mamoqrafiya müayinəsindən keçməlidirlər. Ancaq Azərbaycanda bu qaydaya əməl edən qadınların sayı çox azdır. Onların əksəriyyəti yalnız törəmə əmələ gəldikdən sonra həkimə müraciət edirlər”.
O, eyni zamanda qeyd edib ki, xərçəngin yaranmasına səbəb olan risk faktorları çoxdur:
“Əsas amillər sırasında ekoloji şərait, düzgün olmayan qidalanma, davamlı stress, siqaret çəkmə kimi faktorlar yer alır. Siqaret çəkənlər arasında ağciyər xərçənginə rast gəlmə ehtimalı daha yüksəkdir. Lakin bu amil xəstəliyin yaranmasının yeganə səbəbi hesab edilmir. Siqaret çəkmək riski artırır, lakin onun xərçəngə səbəb olması 100 faiz dəqiqliklə təsdiqlənmir”.
A.Kərimli onu da vurğulayıb ki, xəstəliklərin profilaktikası və erkən aşkarlanması istiqamətində Milli Onkologiya Mərkəzi tərəfindən müəyyən tədbirlər görülür.
“Mərkəzin iki müasir diaqnostik avadanlıqla təchiz olunmuş mobil klinikası mövcuddur. Həkim briqadaları bu maşınlarla bölgələrə gedərək əhali arasında profilaktik baxışlar aparır, erkən diaqnostika həyata keçirirlər. Bununla belə görülən tədbirlər ölkə üzrə kifayət qədər əhatəli deyil”.
A.Kərimli söyləyib ki, ən mühüm profilaktika tədbiri kimi maarifləndirmə işinin aparılmasını göstərmək olar:
“Bu sahədə vəziyyət isə ürəkaçan deyil. Xərçəng xəstəlikləri barədə televiziya kanallarında demək olar ki, heç bir maarifləndirici veriliş yayımlanmır. Elə bu səbəbdən insanlar xəstəlik barədə dolğun məlumata malik deyillər”.
Aytac Bəhruzqızı