Son vaxtlar Azərbaycandakı bir sıra siyasi partiyaların sədrləri dəyişib. İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasına yeni sədr seçilib. Bu vəzifəyə Mütəllim Rəhimli gəlib.
Uzun illər Vəhdət Partiyasına sədrlik edən Tahir Kərimli isə vəzifəsini könüllü təhvil verib.
Sabiq Baş nazir Pənah Hüseynli Azərbaycan Xalq Partiyasında sədrlik vəzifəsini müavininə tapşırıb.
Görünür ki, Xalq hərəkatı dövründən siyasətdə olan, partiya sədriliyini o gündən bu günə davam etdirən siyasətçilərin artıq yavaş-yavaş siyasi arenadan ayrılma prosesi gedir.
Modern.az uzun illərdir sədr olan bəzi yaşlı partiya sədrləri arasında sorğu keçirib. Onlardan daha kimin sədrlikdən getməyə namizəd olduğunu öyrənməyə çalışmışıq.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da sədrlik postunu təhvil verəcəyini bildirib.
"Nəsillər bir-birini zamanında əvəz etməlidir. İnsan yaşa dolur. Özündən sonra gələn nəsilə də bu və ya digər sahədə vəzifə tutumasına, özünün arzularını reallaşdırmasına imkanlar yaradılmalıdır. Bu il 35 yaşı tamam olan Ana Vətən Partiyasında yarandığı, siyasi mühitə qədəm qoyduğu andan indiyə qədər mənə şans verilib. Böyük etimaddır, təbii ki, bunu müsbət qəbul edirəm. Yeni çağırışlar var. Azərbaycan siyasi mühitində fərqli, daha dinamik, çevik, proseslərə adekvat addım ata biləcək gənclərin ortaya çıxmasına ciddi zərurət var. Bu baxımdan ayrı-ayrı partiyaların atmış olduğu addımlar tamamilə məntiqidir”.
F.Ağamalı öznün partiya sədrliyindən getməsinin məqamı yetişdiyini söyləyib:
“Əslinə qalsa, bu gün siyasi partiyaların əksəriyyəti Xalq hərəkatı dövründə proseslərdə iştirak edən və partiyanın yaradılmasında ciddi rol oynayan, ilk dövrdən bu günə qədər sədr olan siyasətçilərdir. Bu insanların arasında mən də yer alıram. Düşünürəm ki, vaxtıdır, biz getməliyik, yerimizə gənclər gəlməlidir. Onlar partiyanın ənənələrinə uyğun olaraq sədrlik kimi böyük məsuliyyət tələb edən vəzifəni öz üzərinə götürüb Azərbaycan dövlətçiliyinə xidmət etmək prosesinə qatılmalıdırlar. Bu ilin sonuna qədər Ana Vətən Partiyasının qurultayının keçirilməsi nəzərdə tutulub.Təbii ki, mən sədrlik vəzifəsindən gedəcəm. Namizədliyi irəli sürülən şəxslərdən kimin sədr olması qurultayın səlahiyyətində olan məsələdir”.
"Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı sədrliyə ən iddalı namizəddir. Siz ona dəstək olacaqsınız",- sualına cavab olaraq F.Ağamalı deyib: “Mən bu suala cavab versəm, doğru alınmaz. Sonradan ayrı-ayrı namizədlər bu iddiada olsa, qurultayın gedişinə, qurultay nümayəndələrinin səs verməsinə təsir göstərməklə məni ittiham edərlər. Mənim bir səsim var və ən layiqli namizədə verəcəm. Ümidvaram ki, cəmiyyət də bunu normal qəbul edəcək”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə hələlik partiya sədrliyindən getmək planı olmadığını söyləyib:
“Hələ partiya sədrliyindən istefa ilə bağlı planım yoxdur. Partiya bu yaxınlarda məclis keçirəcək və orada məsələlər müzakirə olunacaq. Qurultayda bu barədə qərar veriləcək. Hələ ki mənim partiya sədrliyindən getmək fikrim yoxdur. Çünki partiyanın üzvləri mənim getməyimi istəmirlər. Ona görə də mən işləyirəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə dəfələrlə partiyadakı gənclərə və müavinlərinə bu barədə müraciət etdiyini, lakin müsbət cavab almadığını deyib:
“Azərbaycanda normal siyasi şərtlər olmadığına görə partiya sədrliyinə də elə bir iddialı adamlar yoxdur. Mən, dəfələrlə partiyamızda gənclərə, öz müavinlərimə təklif etmişəm ki, namizədliklərini versinlər. İndiki şərtlər daxilində doğrudan da partiya idarə etmək çox çətindir. Birinci səbəb budur. Söhbət liderin qocalığından, uzun müddət sədr olmasından getmir. Əgər şəxsin lider potensialı yoxdursa, partiyanı idarə edə bilmir, onu məhv edir. Kifayət qədər təcrübəli, ağıllı olan şəxs isə partiya üçün önəmlidir, faydalıdır. Bu gün Amerika prezidentlərinin, konqresmenlərinin orta yaşına baxsaq, hamısı 70-dən yuxarıdır. Elə partiya rəhbərləri var ki, 40-50 ildir müxalifətdədir. Xomeyni 30-cu illərdə müxalifətdə idi, 1979-cu ildə hakimiyyətə gəldi. Yəni filankəs istefa verdi, filankəs belə elədi, bu qanunauyğunluq deyil, fərdi məsələdir”.
S.Cəlaloğlu vurğuluayıb ki, əsas məsələ cəmiyyətdə rəqabətin olmasıdır:
“Bu rəqabət özünü cəmiyyətdə, siyasi partiyaların daxilində göstərməlidir. Cəmiyyətdə rəqabət olmayanda bu partiyalara sirayət etmir. Çünki cəmiyyət tamdır. Ümumi cəmiyyətdə baş verənlər onun ayrıayrı strukturlarında da baş verir. Cəmiyyətimizdə azad rəqabət olmayana qədər partiyalarda da sədrlik uğrunda normal rəqabəti gözləmək olmaz”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə sualımıza belə cavab verib:
"Allah İlyas bəyə rəhmət eləsin. Onun vəfatından sonra Ədalət Partiyasının sədrliyində dəyşiklik edildi. Yeni sədrə də uğurlar arzu edirəm. İki-üç gün qabaq da Tahir Kərimli partiya sədrliyindən getdi, ardınca Azərbaycan Xalq Partiyasının sədri öz səlahiyyətlərini müavininə həvalə elədi. Vəhdət Partiyasının yeni sədrinə uğurlar, Tahir bəyə də can sağlığı arzu edirəm".
M.Mirəlioğlu özünün də sədrlikdən istefa verdiyini, lakin bunun qəbul edilmədiyini bildirib:
"Ötən il seçkilərin nəticəsi olaraq mən istefamı ortaya qoymuşam, qəbul olunmayıb. Hər zaman bu məsələyə hazırıq. Bir problem də görmürük. Bunu da doğru sayırıq. Aktuallıq kəsb edən məsələdir. Zamanında belə bir addım atılanda, onun daha böyük müsbət təsirləri olur".