Ötən gün bir an oldu, bir şəkil çəkildi, paylaşıldı…
O şəklə bütün dünya baxdı, biz isə hiss etdik.
O şəkildə bir bayraq var idi. Azərbaycan bayrağı, nazlı, diqqəti çəkmək üçün tam görünmürdü…
Və o bayrağın nazını çəkən Prezident var idi, İlham Əliyev…
Bayraq tam görünmürdü…
İlham Əliyev unutmadı, gördü, əlini uzatdı, düzəltdi.
Bayrağımız naz edir… haqqı var...
O nazda şəhidin nəfəsi var.
O nazda Laçının çiçəyi, Cəbrayılın tozu, Zəngilanın yolu var.
O bayraq milli yaddaşdır, qan yaddaşıdır, torpaq yaddaşıdır.
Prezident isə onun nazını çəkir.
Naz çəkmək böyüklükdür, liderlikdir…
Naz çəkmək sevgi ilə qucaq açmaqdır…
Naz çəkmək səmaya baxıb yerdə durmaqdır…
Bayrağımız nə qədər naz etsə, azdır…
Çünki o bayraq müstəqilliyimizin ilk addımıdır.
Çünki o bayraq Gəncə qalasında asılmış ilk azadlıq nəfəsidir.
Çünki o bayraq 20 Yanvarın qaranlığındakı ümid işığıdır.
Çünki o bayraq Şuşanın qələbə sədasıdır.
Bayrağımızın nazını nə qədər çəksən, azdır…
Çünki o bayraq gələcəyin ümididir.
O, uşaq beşiyində yellənən arzudur.
O, ağsaqqal dualarında möcüzədir.
Əmanətdir, şəhidlərdən.
And yeridir, əsgərlər üçün.
Ümiddir, gənclər üçün.
Qürurdur, bütün xalq üçün.
O bayraqda Şuşa havası var, Böyük Qayıdışın səsi var.
O bayraqda Kəlbəcər əzəməti, Murovun dik baxışı var.
O bayraqda Füzulidə torpaq öpən əllərin izi var.
O bayraqda Xankəndiyə gedən yolların ümidli nəfəsi var.
O bayraqda dünən var, mübarizə və iztirablarla dolu tarix var.
O bayraqda bu gün var, qalibiyyət və zəfərlə yaşanan hər an var.
O bayraqda sabah var, azad övladların azad nəfəsi var.
O bayraqda biz varıq - soyumuz, kökümüz, kölgəmiz və duamız var.
O bayraqda Azərbaycan xalqı var, min illik bir məfkurə, bir könül var.
O bayraqda Məhəmməd Əmin Rəsulzadə var, o bayraqda Heydər Əliyev var…
O bayrağa diqqət, keçmişə ehtiramdır.
Çünki keçmiş o bayraqla gəlir bizə.
O bayrağa diqqət, dövlətə sədaqətdir.
Çünki o bayraq dövlətin alın yazısıdır.
O bayrağa diqqət, bu günə xidmətdir.
Çünki o bayraq bugünkü azadlığın şahididir.
O bayrağa diqqət, gələcəyə sevgidir.
Çünki o bayraq sabah doğulacaq hər körpənin himni olacaq.
Bizim bayraq dünyanın ən böyük nazıdır.
Və o nazı sevə-sevə çəkən bir Prezident var, İlham Əliyev…
Bayraq nazını çəkmək qəlbdən gələn dövlətçilik fəlsəfəsidir.
Bayraq nazı çəkmək Xalqın nazını çəkməkdir.
O bayraq naz edir, düz də edir, çünki o nazı çəkən var.
Çünki onun sevgisini anlayan, qürurunu daşıyan, kölgəsini yerə salmayan var.
Və Azərbaycan, Azərbaycan xalqı o nazı çəkən Prezidentlə qürur duyur.