Modern.az

İranın yeni səfiri Bakıya gəldi - Ceyhun Bayramovla görüşdü

İranın yeni səfiri Bakıya gəldi - Ceyhun Bayramovla görüşdü

Ölkə

25 İyun 2025, 18:11

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

İsrail-İran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?