26 İyun Azərbaycanda böyük qürur və fəxarət hissi ilə qeyd olunan Silahlı Qüvvələr Günüdür. Bu tarix ölkəmizin dövlətçilik və ordu quruculuğu tarixində mühüm yer tutur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a Azərbaycanın ordu quruculuğu istiqamətində keçdiyi inkişaf yolundan danışıb.
Deputat bildirib ki, Azərbaycanda Milli Ordu quruculuğu birmənalı şəkildə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Bu quruculuq prosesi hətta SSRİ dövründən başlayaraq bir sıra hərbi məktəblərin yaradılması ilə formalaşıb. Həmin hərbi məktəblərin məzunları gələcəkdə general kimi Azərbaycan əsgərinin önündə gedərək qalib ordu kimi fəaliyyət göstəriblər. Çətin və problemli illərdən sonra həmin məktəblər daha da təkmilləşdirildi və cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan Ordusu müasir və döyüş qabiliyyətli bir orduya çevrildi".
Arzu Nağıyevin sözlərinə görə, bu gün Azərbaycan Ordusu dünyanın ilk 50 güclü ordusu sırasında yer alır:
"Ordumuz dağda, havada, suda, quruda, səhra şəraitində, bütün taktiki və digər tələblərə cavab verən qüvvəyə çevrilib. Milli Ordumuz həm regionda aparıcı güc, həm də dünyada özünəməxsus döyüş taktikasına malik ordu kimi tanınır. Əsas məsələlərdən biri də paralel olaraq hərbi-sənaye kompleksinin yaradılması idi. Bu sahədə bir sıra dövlətlərin aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq quruldu. Azərbaycan idxal və ixrac edən dövlətlərdən birinə çevrilərək ciddi hərbi-sənaye kompleksinə malik ölkə statusu qazandı. Eyni zamanda müxtəlif texnologiyalardan istifadə edərək dünyanın ən aparıcı sərgilərində təmsil olundu".
A.Nağıyev bildirib ki, Vətən müharibəsindən sonra hərbi islahatlar daha da genişləndirilib:
"Azərbaycan Ordusunun həm NATO standartlarına, həm də digər beynəlxalq standartlara uyğun silahlanması və təchizatı istiqamətində ciddi addımlar atılıb. Biz 44 günlük Vətən müharibəsində və ondan əvvəlki döyüşlərdə nümayiş etdirdik ki, güclü milli kadr potensialımız, yüksək döyüş hazırlığımız və müasir texnika ilə təchiz olunmuş ordumuz var. Bu gün Azərbaycan Ordusu dünyaya öz gücünü göstərən, taktikası ilə seçilən, müasir texnologiyaları məharətlə tətbiq edən ordu kimi tanınır".
"Azərbaycan tarixində ilk dəfə olaraq öz torpaqlarını hərbi yolla azad edərək tam qələbə qazanan orduya sahibdir. İkinci Dünya Müharibəsindən sonra baş verən münaqişələrdə tam qələbə əldə edən ölkələr çox az olub. Biz sübut etdik ki, hərbi potensialımız, döyüş taktikamız, rəşadətli Ordumuz və onu uğurla idarə edən Ali Baş Komandanımız var. Əsrin kontraktı çərçivəsində əldə olunan imkanlardan da istifadə edilərək ordu quruculuğunda mühüm addımlar atılıb. Hərbi qulluqçuların sosial-məişət problemləri həll olunub, yeni texnikalar alınıb, yeni qoşun növləri yaradılıb. Azərbaycan Ordusu heç vaxt başqa ölkənin torpağını zəbt etmək üçün deyil, öz torpaqlarını, müstəqilliyini və suverenliyini qorumaq məqsədilə yaradılıb. Hər qarış torpağımızın qorunması, xalqımızın rifahı naminə bütün addımlar ordunun əsas vəzifəsidir. Bunu həm antiterror əməliyyatlarında, həm də digər döyüşlərdə sübut etmişik. Beynəlxalq hüququn pozulmasına baxmayaraq, Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib. Xalqımız yaxşı bilir ki, arxasında güclü, nizamlı və peşəkar ordu var. Bu ordu qarşıya qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır"- deyə əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan Ordusu güclü potensiala, xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə sıx əlaqədə çalışan, əməliyyat şəraitinə tam nəzarət edə bilən bir orduya çevrilib:
"Bu gün Azərbaycan Ordusu regional təhlükəsizliyin əsas sütunlarından biridir. Regionda baş verən istənilən prosesdə Azərbaycan Ordusunun adı ən yüksək səviyyədə çəkilir. Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, xalq-ordu vəhdətinin və orduda aparılan şəffaf islahatların nəticəsidir".
Sonda Arzu Nağıyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib, onlara yeni nailiyyətlər və vətənin müdafiəsində uğurlar arzulayıb.