“Rusiyada baş verənlər təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə türk və qeyri-rus xalqlara qarşı yönəlmiş sistemli ayrı-seçkilik siyasətinin göstəricisidir”.
Bu sözləri Modern.az-a açıqlamasında deputat, Azərbaycan–Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev bildirib.
O qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı baş verən etnik ayrı-seçkilik, hüquqsuzluq və diskriminasiya hallarını dərin narahatlıqla izləyir.
“Təəssüf ki, bu cür halların təkcə azərbaycanlılara deyil, ümumilikdə qeyri-rus mənşəli, xüsusilə də Orta Asiya ölkələrindən olan insanlara qarşı artdığını müşahidə edirik. Bu isə artıq fərdi yox, sistemli və məqsədli siyasətin təzahürüdür”.
“Qazaxıstanlı həmkarlarımızın da narahatlıqlarını hər zaman görürük və bunlar mətbuatda da geniş işıqlandırılır. Onlar da vətəndaşlarının Rusiya ərazisində oxşar münasibət və davranışlarla qarşılaşdıqlarını bildirirlər. Demək olar ki, bu tendensiya Rusiya ərazisində yaşayan bütün türk və müsəlman icmalarına qarşı ümumi yanaşmanın bir hissəsidir”- R. Nurullayev bildirib.
Türk dövlətləri bu məsələləri ciddi müzakirə etməlidir
“Təbii ki, bu cür halların davam etməsi nə insan hüquqları baxımından, nə də dövlətlərarası münasibətlər baxımından qəbulediləndir. Qardaş türk dövlətləri bu məsələni həm ikitərəfli münasibətlərdə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində ciddi şəkildə müzakirəyə çıxarmalıdırlar. Çünki ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik xalqlara qarşı ayrı-seçkilik, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi üçün risk yaradır”.
Deputat sonda vurğulayıb ki, Rusiyanın bu siyasəti ilə təkcə diaspor nümayəndələrinin hüquqları pozulmur, eyni zamanda bu ölkədəki multikultural dəyərlər sisteminə də zərbə vurulur:
“Biz bu kimi halların qarşısının alınması üçün həm diplomatik kanallarla, həm də beynəlxalq platformalarla daha sərt və prinsipial mövqe sərgiləməliyik”.