Modern.az

Dövlət qurumlarında yeni BİABIRÇILIQ

Dövlət qurumlarında yeni BİABIRÇILIQ

Ölkə

3 İyul 2025, 14:34

Ezamiyyətə dost-tanışlar göndərilir

Azərbaycanın bəzi dövlət qurumlarında ezamiyyət siyasəti artıq uzun müddətdir ki, tənqid hədəfinə çevrilib. Çünki bu prosesin mahiyyəti, məqsədi və icrası çox vaxt şəffaflıqdan uzaq, səmərəsizliklə doludur. Rəsmi vəzifə səlahiyyətindən sui-istifadə hallarının ən açıq forması kimi, ezamiyyət siyahılarında ailəyə yaxın çevrə üzvləri daha çox yer alır.

Rəhbər niyə belə edir?

Səbəb sadədir, sistemsiz kadr idarəçiliyi və ayrı-seçkilik. Bəzi rəhbərlər dövlət qurumunu şəxsi şirkəti kimi görür. Ezamiyyətləri sanki “mükafat” kimi istifadə edir. Qohum, tanış, yaxın dost - kim daha sədaqətlidir, onun “payı” daha çox olur. Bu cür davranış həm dövlətin nüfuzuna zərbə vurur, həm də dövlət xidmətində çalışan peşəkarların motivasiyasını öldürür.

Niyə yalnız ezamiyyətə dost-tanış gedir?

Ezamiyyətə göndərilənlərin siyahısı açıqlandıqda, orada çox zaman təsadüfən eyni soyadlar, eyni ünvanlar, eyni qohumluq əlaqələri görünür. Bunun əsas səbəblərindən biri səriştəli, peşəkar kadrların sistemdən sıxışdırılması və vəzifəli şəxslərin öz ətrafını qoruma instinktidir. Bu həm də korporativ əlaqələrin deyil, şəxsi münasibətlərin idarəçiliyə təsir etdiyi bir sistemin göstəricisidir.

İl ərzində dövlət qurumları kimləri və hansı əsaslarla ezamiyyətə göndərir?

Əsaslandırma formal olsa da, icra çox zaman qeyri-şəffafdır. Ezamiyyət əmrlərində “təlimdə iştirak”, “təcrübə mübadiləsi”, “tərəfdaş qurumla əməkdaşlıq” kimi ifadələr yazılsa da, reallıqda bu səfərlər çox zaman ya formal xarakter daşıyır, ya da turistik gəzintiyə çevrilir. Ən önəmlisi odur ki, bu ezamiyyətlərin nəticələri, hesabatları, faydası barədə heç bir ictimai və ya daxili hesabat yoxdur. Yəni indi elə bir zamanda yaşayırıq ki, kameranı qoltuğuna vurub bir əlavə adam götürüb xaricə getmək, bunun üçün on minlər xərcləmək çox gülünc görünür. Belə məqamlardan açıq-aşkar mənimsəmə qoxusu gəlir. Texnoloji dünyada buna ehtiyac duyulmur.

Ezamiyyətə əlavə pul, əlavə gəlir kimi yanaşılır

Ezamiyyət bir çox hallarda sadəcə rəsmi maaşdan əlavə gəlir mənbəyi kimi görülür. Xarici ölkəyə gedən məmura gündəlik ezamiyyət xərci ayrılır, otel və aviabiletlər dövlət tərəfindən ödənilir, bəzən verilən vəsait isə real xərcləri üstələyir. Bu isə korrupsiyanın yumşaq formasıdır və daha çox sistem içində sistemin necə istismar edildiyini göstərir.

Bəs səbəbi nədir, niyə belə edirlər?

Əsas səbəblərdən biri idarəetmədə hesabatlılığın və audit sisteminin zəif olmasıdır. Bu hal varsa, demək ki, kadr seçimi çox zaman səriştəyə yox, yaxınlığa görə edilir. İkinci səbəb vəzifələrin şəxsi maraqlara xidmət etməyə başlamasıdır. Üçüncü səbəb isə nəzarət mexanizmlərinin passivliyidir. Hesabatlılıq zəifdirsə, məsuliyyət də arxa plana keçir.

Bu ayrı-seçkilik dövlətə xəyanətdir, kadrlara diskriminasiyadır

Ezamiyyətlərin bu cür qeyri-obyektiv paylaşımı bir növ kadr diskriminasiyasıdır. Bu, peşəkar, işgüzar, bilikli əməkdaşların motivasiyasını azaldır və onları ya sistemdən uzaqlaşdırır, ya da susmağa məcbur edir. Uzunmüddətli perspektivdə bu, dövlət institutlarının zəifləməsi, kadr potensialının deqradasiyası ilə nəticələnə bilər. Bu, dolayısı ilə dövlətə qarşı yönəlmiş xəyanətdir.

Aidiyyəti qurumlar bu məsələni yoxlayanda nəyi üzə çıxarırlar?

Maliyyə Nazirliyi və Hesablama Palatası araşdırma aparanda çox zaman məqsəddən kənar xərclər, nəticəsiz ezamiyyətlər, təkrar səfərlər, üst-üstə düşən təlimlər və daha çox təəccüblü faktlar aşkarlanır. Amma nəticədə cəza tədbirləri çox az hallarda olur və adətən “diqqət yetirilməsi tövsiyə olunur” kimi yüngül qeydlərlə məhdudlaşır.

Şikayətlər artıb

Son illər sosial mediada və anonim şikayət resurslarında bu mövzu ilə bağlı narazılıqlar artmaqdadır. Dövlət xidmətində çalışanlar arasında “mən niyə getmirəm, amma o gedir?” sualı ictimai narahatlıq doğurur. Bu, daxili gərginlik yaradır və etimadı sarsıdır. Səssiz çoxluğun narazılığı bu məsələni artıq sistemli problem səviyyəsinə gətirib. Açıq üzə çıxmamaq isə qorxudandır, çünki belə məqamlarda eritaz edənlər müxtəlif bəhanələrlə öz işlərindən uzaqlaşdırılırlar.

Bu məsələyə görə cinayət məsuliyyətinə cəlb edilə bilər

Ezamiyyət fondlarının şəxsi məqsədlərlə istifadəsi, təyinatı olmayan şəxslərin göndərilməsi, eyi şəxslərin dəfələrlə ezam olunması, sənədlərin saxtalaşdırılması və bu prosesə rəsmi don geyindirilməsi konkret olaraq “vəzifədən sui-istifadə” və “dövlət vəsaitinin mənimsənilməsi” maddələri ilə cinayət məsuliyyətinə səbəb ola bilər. Bu məsələ araşdırılmalı haldır.

Hesablama Palatasının diqqətini çəkirmi?

Ən əsas sual da budur. Bu məsələni yoxlamaq, araşdırmaq, sistemli şəkildə hesabat hazırlamaq birbaşa Hesablama Palatasının mandatına daxildir. Lakin indiyə qədər ezamiyyət biabırçılığı ilə bağlı genişmiqyaslı bir audit, ictimai açıqlama, xüsusi hesabat yoxdur. Hətta bəzi hallarda bu qurumun da məlum oyunlarda səssiz müşahidəçi kimi qalması barədə fikirlər dolaşır.

Ezamiyyət sistemi yenidən qurulmalıdır

Ezamiyyət sistemində ciddi islahatlara ehtiyac var. Burada şəffaf meyarlar, rəqabətli seçim prosesi, ezamiyyətdən sonra ictimai hesabatların təqdimatı, nəticələrin ölçülə bilməsi, maliyyə nəzarəti və ictimai monitorinq kimi məqamlara xüsusi diqqət edilməlidir. Əks halda, bu məsələ yalnız korrupsiyanın yeni forması olaraq davam edəcək və dövlət strukturlarına olan inamı bir az da zəiflədəcək, dövlətə xidmət edən kadrları işdən soyudacaq.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu