Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Modern.az xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.
“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.
O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.
****
Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşı mübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm.
Modern.az xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib.
Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlı inkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqla həyata keçirməsi çox vacibdir.
Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də çəkib.
O vurğulayıb: “Bu gün biz innovativ metodlara və bərpaolunan enerji mənbələrindən fəal istifadəyə arxalanaraq iqtisadiyyatın əsas sektorlarını “yaşıl transformasiya”ya yönəltmək üçün səylər göstəririk”. O, Türkiyənin ümumi quraşdırılmış enerji tutumunda bərpaolunan enerji mənbələrinin payının 59 faizə çatdığını diqqətə çatdırıb. “Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyada isə on birinci yerdədir”, - deyən Türkiyənin dövlət başçısı Ankaranın öz təcrübəsini digər ECO ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.