Modern.az

Əliyev Paşinyanla neçə dəfə görüşüb, kimlər vasitəçi olub? - XRONİKA

Əliyev Paşinyanla neçə dəfə görüşüb, kimlər vasitəçi olub? - XRONİKA

Ölkə

7 İyul 2025, 16:10

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın iyul ayının sonunda Birləşmiş Ərəb Əmirliklərində görüşü gözlənilir.

Bu barədə "Middle East Eye" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Liderlərin görüşü zamanı sülh sazişi layihəsinin müzakirə ediləcəyi qeyd olunur.

Modern.az Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra keçirilən görüşləri araşıdırıb. 

11 yanvar 2021

11 yanvar 2021-ci il tarixdə Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

26 noyabr 2021 

Noyabrın 26-da Soçidə Prezident İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşdən sonra Bəyanat imzalayıblar.

Tərəflər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdiklərini vurğulayıblar. 


14 dekabr 2021 

Dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Tərəflər arasında sərhədin delimitasiyası və sülh müqaviləsi müzakirə edilib.

15 dekabr 2021-ci il

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında qeyri-formal görüş keçirilib.

4 fevral 2022

Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
 
Görüşdə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

6 aprel 2022

Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə işçi nahar formasında görüşü olub.

22 may 2022-ci il

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

1447951

31 avqust 2022-ci il 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

6 oktyabr 2022-ci il

Praqada İlham Əliyevin Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə görüşü keçirilib.

31 oktyabr 2022-ci il

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.



18 fevral 2023-cü il

Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

14 may 2023-cü il

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.

25 may 2023-cü il

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

1 iyun 2023-cü il

İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub.

3 iyun 2023-cü il

Ankaradakı Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistan Baş naziri Nikol Paşinyan da yer alıb. Onlar mərasimdən sonra şam yeməyinə gedərkən qeyri-rəsmi formada görüşüblər.
 
15 iyul 2023-cü il


İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

1447952

17 fevral 2024-cü il 

Fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.
Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.

Sonra Almaniya kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin kansler Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Görüşdə Almaniya kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

24 oktyabr 2024-cü il

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

1447947
16 may 2025 

Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub. Görüş "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi