2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun bir sıra hərbçiləri, o cümlədən general-mayor Polad Həşimov qəhrəmancasına şəhid oldu. Bu hadisədən sonra xüsusilə gənclər arasında orduya könüllü şəkildə qoşulmaq istəyənlərin sayı artdı.
Həmin günlərdə sosial şəbəkələrdə minlərlə gənc Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, cəbhəyə getmək, torpaqları qorumaq arzusunu bildirdi. Prosesə eyni zamanda həqiqi hərbi xidmət keçməyən şəxslər də qoşulurdu ki, o zaman da "Azərbaycanda könüllü olaraq müddətli həqiqi hərbi xidmətə getmək mümkündürmü" sualı ortaya çıxırdı.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində vətəndaşların könüllü şəkildə müddətli həqiqi hərbi xidmətə cəlb olunması ilə bağlı hər hansı bir mexanizm nəzərdə tutulmayıb.
Müddətli həqiqi hərbi xidmət yalnız çağırış əsasında həyata keçirilir və bu, Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş rəsmi çağırış dövrlərində baş tutur. Qanunvericiliyə əsasən, hərbi xidmətə yalnız yaş, sağlamlıq və digər meyarlara uyğun gələn şəxslər çağırılır və bu proses könüllülük prinsipi ilə deyil, dövlətin müəyyən etdiyi çərçivədə aparılır.