Modern.az

Əsgərliklə bağlı bəzi qaydalar dəyişə bilər - EKSPERT

Əsgərliklə bağlı bəzi qaydalar dəyişə bilər - EKSPERT

Ölkə

12 İyul 2025, 12:32

2020-ci ilin 12 iyuldan başlanan Tovuz döyüşlərindən sonra Azərbaycan Ordusu işğalda olan Qarabağı azad etdi. Nəticədə həm də ölkənin suverenliyi təmin olundu. Bu qələbə ictimaiyyətdə həqiqi hərbi xidmətə çağırış qaydalarında dəyişikliklərin ola biləcəyi ilə bağlı fikirlər də yaratdı.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında ekspert Emin Həsənli bildirib ki, hərbi sahədə bütün vacib qərarlar ciddi təhlillər əsasında verilir və bu prosesə həm sahə üzrə mütəxəssislər, həm də aidiyyəti dövlət qurumları cəlb olunur:

“Bu qərarlar bir anda verilmir. Dövlət bu sahədə uzun illərin təcrübəsinə əsaslanır. Əgər gələcəkdə bölgədə sabitlik davam etsə, çağırış sistemində müəyyən dəyişikliklər mümkündür. Məsələn, çağırışların sayının azaldılması və ildə yalnız iki dəfə - yaz və payız aylarında həyata keçirilməsi kimi variantlar müzakirə oluna bilər”.

Ekspertin sözlərinə görə, bir dövr yalnız bakalavr pilləsi üzrə təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilsə də, bu güzəşt sonradan magistratura səviyyəsində təhsil alanlara da şamil olunub:

“Dövlət təhsilli və savadlı kəsimin formalaşmasında maraqlıdır. Çünki ölkənin inkişafı və təhlükəsizliyi həm də bu təbəqənin üzərinə düşür. Gənclər isə bu məsələyə daha praqmatik yanaşırlar. İstəyirlər ki, 20-23 yaş arasında ali təhsil, magistr pilləsi və hərbi xidməti başa vurub sonrakı mərhələdə özlərinə iş qursunlar”.

Bəzi vətəndaşların 18 yaşlı şəxslərin psixoloji və mənəvi baxımdan hərbi xidmətə hazır olmadığı yönündə irəli sürdüyü fikirlərə də münasibət bildirən Emin Həsənli qeyd edib ki, bu yanaşma da müzakirə mövzusudur, lakin praktikada 18 yaşlı gənclərin hərbi xidmətə cəlb olunması özünü doğruldub:

“Gənc 25 yaşında da əsgərliyə hazır olmaya bilər. Bu fərdi məsələdir. Amma bu gün Azərbaycan Ordusunda xidmət edən gənclərin əksəriyyəti 18 yaşında çağırışa gedənlərdir və öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər”.

Hərbi ekspert həmçinin bildirib ki, Azərbaycan Ordusu peşəkar hərbi xidmət modelinə keçməkdədir, lakin bu, çağırış sistemində birdən-birə ciddi dəyişikliklər etməyə zəmin yaratmır:

“Əgər çağırış olmasa, peşəkar ordu da formalaşmaz. Bu, məktəb oxumadan universitetə qəbul olunmaq kimidir. Hərbi xidmətə gedənlərin bir hissəsi bu sahəyə maraq göstərərək müddətdən artıq xidmətə keçir, sonradan isə gizir və ya zabit kimi fəaliyyətini davam etdirir”.

Emin Həsənli çağırış yaşının azaldılması ilə bağlı yayılan fikirlərə də toxunub:

“Hazırda çağırış yaşı ilə bağlı dəyişikliyə ehtiyac yoxdur. Amma gələcəkdə hərbi xidmət yaşı 25-dən 30-a endirildiyi kimi, 18-dən 20-ə də qalxa bilər. Dövlət bu kimi dəyişiklikləri həyata keçirməzdən öncə geniş təhlil aparır. Bilir ki, hansı ildə neçə oğlan uşağı doğulub, onların nə qədəri sağlamdır, nə qədəri təhsilə cəlb olunacaq. Bütün bu göstəricilər əsasında qərarlar qəbul edilir. Hər dəyişiklik dövlətin təhlükəsizliyi və vətəndaşların hüquqları nəzərə alınaraq tənzimlənir”.

Ekspert sonda vurğulayıb ki, hərbi sahədə atılan bütün addımlar Azərbaycanın milli maraqlarına əsaslanır və dövlət bu istiqamətdə daim təhlil və proqnoz əsasında qərar verir:

“Verilən qərarlar ani deyil, dövlət resurslarına, demoqrafik göstəricilərə əsaslanaraq hazırlanır. Bu sahədə peşəkar mütəxəssislər çalışır və təcrübə göstərir ki, qəbul edilən qərarlar həm dövlətin, həm xalqın, həm də təhlükəsizlik maraqlarının qorunmasına xidmət edir”.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi