Azərbaycan ərazisində uzun sürən nisbətən sərin və rütubətli hava şəraitindən sonra son günlər tempraturun qəfil yüksəlməsi narahatlıq doğurub. Artıq bəzi bölgələrdə havanın tempraturu 40 dərəcəyə yaxınlaşıb və bu, həm əhalinin gündəlik fəaliyyətinə, həm də sağlamlıq durumuna mənfi təsir göstərməkdədir. Xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və uşaqlar üçün belə ekstremal hava şəraiti ciddi təhlükə yaradır.
Tanınmış həkim, professor Adil Qeybulla Modern.az-a bildirib ki, bu cür kəskin hava dəyişiklikləri sağlamlıq üçün son dərəcə risklidir və ehtiyatsız davranışlar faciəvi nəticələrə gətirib çıxara bilər:
"Yer kürəsində həyatın başlanmasından əvvəl iqlim çox sərt olub və uzun zaman keçdikdən sonra müəyyən sabitlik yaranıb. Bu sabitlik sayəsində canlılar meydana gəlib. İndi Yer kürəsində digər planetlərlə müqayisədə yaşamaq üçün daha optimal şərait var. Ancaq buna baxmayaraq, insanlar istidən və soyuqdan qorunmağı bacarmalıdırlar", - deyə Adil Qeybulla bildirib.
Həkimin sözlərinə görə, insanlar digər canlılarla müqayisədə adaptasiya baxımından üstün olsalar da, günün ən qızmar saatlarında - saat 12:00-dan 17:00-a qədər açıq havada olmaq təhlükəlidir:
"Bu zaman günvurma, istivurma halları baş verir. Təzyiqin düşməsi, soyuq tərin gəlməsi, başgicəllənmə, hətta huşun itirilməsi mümkündür. Belə hallar əsasən çimərlikdə, bağda və ya açıq havada uzun müddət qaldıqda müşahidə olunur. İnsanlar ilkin tibbi yardımı bilməlidirlər", - həkim bildirib.
Adil Qeybulla vurğulayıb ki, bu cür hallarda zərərçəkmiş şəxs dərhal gün şüasından uzaqlaşdırılmalı, sərin yerə aparılmalı, baş və bədən soyuq dəsmalla silinməlidir. Məqsəd bədən tempraturunu tez bir zamanda aşağı salmaqdır.
“Əgər bədən çox isinibsə, bu, orqanizmin bütün funksiyalarını pozur. Xüsusilə yaşlı insanlar və uşaqlar risk altındadır. Onlara xüsusi diqqət yetirilməlidir”, – deyə o əlavə edib.
Eyni zamanda həkim bildirib ki, günəşdən tamamilə uzaq durmaq da düzgün deyil:
“Günəş şüası D vitamini mənbəyidir. Amma günorta saatlarında deyil, səhər və axşam günəşindən faydalanmaq lazımdır. Çünki günorta saatlarında günəş artıq faydalı yox, zərərli təsir göstərir”, – Adil Qeybulla sondaqeyd edib.